Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Gəncə şəhərində sahibkarlar üçün təlim keçirilib.

Foodinfo.az xəbər verir ki, Gəncədə və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların iştirak etdiyi təlim "Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları" mövzusunda təşkil olunub. Təlimdə iştirakçılara qanunvericiliyə uyğun kəsim məntəqələrinin təşkil edilməsi, kəsim məntəqələrinə gətirilən heyvanların sağlamlığı haqqında arayışın verilməsi və kəsim məntəqələrində baytarlıq-sanitariya normalarına əməl olunmasının vacibliyi barədə məlumat verilib. Həmçinin mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.