Məhkumların peşə bacarıqlarının artırılması məqsədilə yeni pilot layihəyə start verilib.
Foodinfo.az xəbər verir ki, layihə Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli Kulinariya Mərkəzinin və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə keçirilir.
Pilot layihənin icrasının başlanması ilə əlaqədar Bakı İstintaq Təcridxanasında tədbir təşkil olunub.
Penitensiar Xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov bildirib ki, layihə çərçivəsində məhkumları yaradılmış aşpazlıq kurslarına cəlb etməklə onlarda yeni peşə bacarığını formalaşdırmaq, eyni zamanda, müəssisələrdə hazırlanan yeməyin keyfiyyətini daha da yaxşılaşdırmaq nəzərdə tutulub:
"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, islah və tərbiyə işlərinin təkmilləşdirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş şəxslərin peşə təhsilinə və ictimai faydalı əməyə cəlb olunması istiqamətində tədbirlər uğurla davam etdirilir. Həmçinin, məhkumların sosial reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili, azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı, onlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası, yeni iş yerlərinin yaradılması və müxtəlif peşə sahələrinə yiyələnmələri istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir".
Bildirilib ki, kursları bitirən məhkumlara sertifikatlar təqdim olunacaq və nəticədə onlar azadlığa çıxdıqdan sonra da yiyələndikləri peşə üzrə əmək fəaliyyətlərini davam etdirə biləcəklər.
Qeyd edək ki, tədbir çərçivəsində, həmçinin, peşəkar ekspertlər kursa cəlb olunan məhkumlara nahar menyusuna uyğun mühazirələr söyləyib.
Peşəkar mütəxəssislərin nəzarəti altında hazırlanmış yeməklər qonaq və ekspertlər tərəfindən dequstasiya olunduqdan sonra məhkumlara göndərilib.