2018-ci ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3,2 faiz artaraq 4 milyard 713,0 milyon manat olub. Foodinfo.az-ın məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 2 milyard 135,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,3 faiz artaraq 2 milyard 577,2 milyon manata bərabər olub. İstehlak məhsullarının 20,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 66,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 10,3 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,1 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.