Hər bir kəsim məntəqəsində müvafiq qaydalara əməl olunmasına nəzarət etmək və müvafiq baytarlıq-sanitariya ekspertizasının aparılması üçün dövlət baytarlıq müfəttişi təhkim edilməlidir. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənəddə qeyd olunur ki, kəsim məntəqələrinə gətirilmiş heyvanlar və ya quşlar baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq müşaiyətedici baytarlıq sənədləri (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) ilə təmin olunmalıdır. Həmçinin belə heyvanlar və ya quşlar kəsimdən qabaq saxlanma bölməsində qrup halında saxlanılmalı, onların sərbəst hərəkət etmələri təmin edilməli və dövlət baytarlıq müfəttişlərinin nəzarətində olmalıdır. Kəsim məntəqələrinə daxil olan heyvanlar və ya quşlar dövlət baytarlıq müfəttişi tərəfindən müayinə olunmalı, müayinə zamanı xəstə və ya xəstəliyə şübhəli heyvan və ya quş olarsa, habelə heyvanların və ya quşların həqiqi baş sayı müşayiətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) göstərilən baş sayına uyğun gəlmədiyi halda, belə heyvanlar və ya quşlar diaqnoz təyin olunana qədər izolyatorda saxlanılmalıdır. Kəsim məntəqələrinə gətirilən heyvanlarda və quşlarda kəsimqabağı və ya kəsimdən sonra hər hansı yoluxucu xəstəlik aşkar edilərsə, həmin heyvan və quş, o cümlədən onların cəmdəyi üzrə kəsim prosesi dayandırılır və bu barədə dərhal Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilir.

Foodinfo.az xəbər verir ki, sənəddə eyni zamanda bildirilir ki, daşınma zamanı müxtəlif səbəblərdən (mexaniki zədə, xəstəlik, xəstəliyə şübhəli hallarda və s.) ölən heyvanlardan və ya quşlardan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”na uyğun olaraq, nümunələr götürülərək ekspertizası aparılmalı və ekspertiza rəyində göstərilən nəticələrdən asılı olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti ilə ölü heyvanlar və ya quşların zərərsizləşdirilməsi və ya utilizasiyası ilə bağlı tədbirlər həyata keçirilməlidir. Kəsim məntəqələrinə gətirilən heyvanlara və ya quşlara aid baytarlıq sənədlərində onların sağlamlığına dair məlumatlar, aparılmış diaqnostik müayinələr və peyvəndləmələr, habelə antibiotiklər, hormonlar, parazit əleyhinə və digər təyinatlı baytarlıq preparatlarının son istifadəsi ilə bağlı məlumatlar öz əksini tapmalıdır. Heyvanlara və ya quşlara tətbiq edilən baytarlıq preparatlarının təlimatında qeyd olunan gözləmə müddəti bitməmişdirsə, belə heyvanların və ya quşların kəsimi yolverilməzdir. 

Eləcə də kəsim məntəqəsinə gətirilmiş heyvanlar və ya quşlar kəsimdən qabaq dövlət baytarlıq müfəttişi tərəfindən kliniki baxışdan keçirilməklə, termometriya olunmalıdır. Sağlamlığı şübhə doğuran heyvanlar və quşlar laboratoriya nəticələri müəyyən olunana qədər təcrid olunaraq onların kəsiminə icazə verilmir. Kəsilən heyvanlardan və ya quşlardan götürülən nümunələr səyyar, modul və ya stasionar fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertizası laboratoriyasında laborator müayinələrə cəlb edilməlidir. Donuz cəmdəklərində seçmə üsulu ilə trixinelloskopiya müayinəsi aparılmalıdır. Yoluxucu xəstəliklər aşkar olunmuş heyvan və quş cəmdəyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”na əsasən baytarlıq ştampı vurulmaqla qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Baytarlıq-sanitariya ekspertizasının nəticəsinə uyğun olaraq cəmdək və ya onun hissələrinə vurulan baytarlıq nişanlanmasında qida məhsulları və insan sağlamlığı üçün zərərsiz rəngləyicilərdən istifadə edilir.

Sənədə əsasən, kəsim məntəqələrinə daxil olmuş heyvanların və ya quşların kəsimdən əvvəl və sonra baytarlıq-sanitariya ekspertizasının nəticələri dövlət baytarlıq müfəttişi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarının Forması”na uyğun olaraq tərtib edilmiş dövlət nümunəvi baytarlıq uçotu sənədlərinə (jurnallarına) uyğun olaraq uçotu aparılır.