Rusiya alimləri qida məhsullarının təzəliyini onlardan ötürülən “Wi-Fi” siqnalları əsasında təyin etmək üçün mobil tətbiq hazırlayıblar.
Foodinfo.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu üsul tərəvəz və meyvələrin tərkibini onları kəsmədən öyrənməyə imkan verir.
Supermarketlərin ərzaq şöbələrində quraşdırılacaq stasionar cihazlar üçün də oxşar həll yolu hazırlanır.
Proqramın funksionallığı meyvə və tərəvəzlər yetişən zaman onların fiziki və kimyəvi xüsusiyyətlərinin dəyişməsinə əsaslanır. Bu dəyişiklik onların daxili tərkibinin dielektrik xüsusiyyətlərinə təsir göstərir və məhsuldan keçən Wi-Fi siqnalını dəyişir. Bu siqnalı təhlil edərək, proqram məhsulun keyfiyyəti haqqında fikir formalaşdıra bilər.
Bu yanaşmanın üstünlüklərindən biri onun qeyri-invazivliyidir, yəni istehlakçılara məhsulları zədələmədən və açmadan keyfiyyətini yoxlamağa imkan verir. Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya smartfonlarda quraşdırıla bilər. Nəticədə istehlakçıların məhsulların təzəliyini bilavasitə alış nöqtəsində qiymətləndirməl imkanı yaranacaq.
Qida keyfiyyətini qiymətləndirmək üçün oxşar sensorlar artıq mövcud olsa da, onlar çox vaxt ayrıca cihazlar tələb edir. Bu funksiyanın smartfonlara inteqrasiyası onu gündəlik istifadə üçün daha əlçatan və praktik edə bilər. Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, belə bir proqram geniş istehlakçı etimadını qazanmazdan əvvəl onun dəqiqliyi hərtərəfli sınaqdan keçirilməlidir.
Nurlan