BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə birgə həyata keçirdiyi “Azərbaycanda xəstəliklərdən azad milli kartof toxumçuluğu sisteminin yaradılması“ layihəsi çərçivəsində müxtəlif maraqlı tərəflər üçün sağlam toxumluq kartof istehsalı sxeminin bütün aspektləri üzrə təlim keçirilib. Nazirlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirdə çıxış edən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının meneceri Namiq Məmmədov bildirib ki, layihə 2016-2020 illəri əhatə edən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. Layihənin reallaşdırılması nəticəsində seçilmiş rayonlardan birində kartof yumrularının istehsalı məqsədilə 250 tonluq soyuq saxlama anbarının tikilməsi, toxumluq kartof istehsalı üzrə müasir tendensiyalara bələd olan və innovasiyaları tətbiq edə biləcək mütəxəssislərin hazırlanması, sağlam toxumluq kartof istehsalı üçün müvafiq yerlərdə əsas infrastrukturların (laboratoriyalar, istixanalar, istehsal sahələri, saxlama anbarları və s.) yaradılması və maarifləndirmə tədbirlərinin (təlim kursları, seminarlar, sahə günləri və s.) keçirilməsi, müxtəlif sortlardan ibarət genefond materialları istehsalı və saxlanması, ildə 120 min sağlam “invitro” bitkinin kütləvi yayılması, həmçinin layihənin milli ərzaq təhlükəsizliyi, eləcə də Azərbaycanda aqrar sahənin və kənd yerlərinin inkişafına mühüm töhfə verəcəyi gözlənilir. Layihənin təlimçisi, FAO-nun Kənd Təsərrüfatı Genetik Mühəndisliyi üzrə beynəlxalq eksperti, Türkiyənin Nigde Ömer Halisdemir Universitetinin Kənd Təsərrüfatı Elmləri və Texnologiyaları Fakültəsinın professoru  Mehmet Emin Çalışkan son illərdə kartof istehsalında yaranan problem və inkişaf tendensiyaları barədə iştirakçılara məlumat verib. Bildirib ki, layihə tam həyata keçiriləcəyi təqdirdə kartof toxumuna olan tələbatın tamamilə yerli məhsul hesabına ödənilməsi imkanı yaranacaq. Qarşıya qoyulmuş məqsədlərə görə, sağlam toxumluq kartof istehsalı sisteminin qurulması nəticəsində 150 min kəndli ailəsinin uzunmüddətli məşğuliyyəti təmin olunacaq, kartof istehsalının artması nəticəsində gəlirləri artacaq. Təlimdə iştirakçıların sualları cavablandırılıb və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda sağlam toxumların əldə olunması üçün yaradılmış elmi şərait nümayiş etdirilib.