Sobanın təmizlənməsi həm mətbəx gigiyenasını qorumaq, həm də cihazın effektivliyini artırmaq üçün vacibdir. Yemək bişirərkən yağ, qida qalıqları və şirələr sobanın səthinə yapışır, bu isə zamanla cihazın performansını zəiflədir və pis qoxulara səbəb olur. 

Foodinfo.az xəbər verir ki, təmizliyə başlamazdan əvvəl sobanı söndürün və tamamilə soyumasını gözləyin. Sobanı təmizləyərkən cihazı elektrik şəbəkəsindən ayırmaq təhlükəsizlik baxımından vacibdir.

Soda və sirkə təbii təmizləyicilər kimi geniş istifadə olunur. Əvvəlcə sobanın içinə sodanı səpin. Sonra üzərinə sirkə püskürdün. Bu qarışım köpüklənəcək və sobada yığılan yağ və kir qalıqlarını yumşaldacaq. Bir neçə saatdan sonra süngər və ya yumşaq parça ilə yüngülcə ovaraq qalıqları təmizləyin.

Limon təbii olaraq təmizləyici və dezinfeksiyaedici xüsusiyyətlərə malikdir. Bir limonu kəsib su ilə dolu bir qabada sobaya qoyun və onu 10-15 dəqiqə qızdırın. Limon buxarı yağ və kir qalıqlarını yumşaldacaq, eyni zamanda xoş bir qoxu yaradacaq. Soba soyuduqdan sonra süngərlə içini silin.

Mağazalarda soba təmizləmək üçün xüsusi kimyəvi məhsullar mövcuddur. Bu məhsulları istifadə edərkən təlimatları diqqətlə oxuyun və kifayət qədər havalandırma təmin edin. Kimyəvi tərkibli təmizləyicilərin qalığını yaxşıca təmizləmək üçün bol su ilə yumaq vacibdir.

Soba rəflərini çıxarıb isti su və qab şampunu ilə təmizləyin. Şüşə qapılar üçün xüsusi şüşə təmizləyici məhsullardan istifadə etmək parlaq və şəffaf nəticə əldə etməyə kömək edir.

Sobanın təmizliyini hər bişirmədən sonra etsəniz, kirlərin yığılmasının qarşısını alar. Bu, həm cihazın ömrünü uzadar, həm də hər zaman təmiz bir sobanız olar.