Yemək və şirniyyatlara xüsusi dad, xoş ətir, bəzən rəng qatmaq üçün istifadə olunan ədviyyatlar insan orqanizmi üçün faydalıdır. Ədviyyatların digər xüsusiyyətlərindən biri də antioksidant təsir göstərməsidir.
AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, onların tərkibində olan mineral və vitaminlər maddələr mübadiləsini sürətləndirir, immuniteti gücləndirir.
Ədviyyatlar içərisində ən çox istifadə olunan qara istiot zülal, mineral maddələr, karbohidrat və S vitamini ilə zəngindir. İstiot yaddaşı gücləndirir, orqanizmi mikroblardan qoruyur, beyində damarları genişləndirir, qan dövranını tənzimləyir, ürək ağrısının azalmasında faydalı hesab edilir.
Qara zirə yaddaşı möhkəmləndirir, immuniteti gücləndirir.
Geniş istifadə olunan nanə həzm prosesinə kömək edir və ürəkbulanmanı azaldır.
Sevilən ədviyyatlardan olan sarıkök isə fosfor, dəmir, yod, kalsium, S, B1, B2, B3 və K vitaminləri ilə zəngindir. Onun tərkibindəki efir yağı antioksidant rolu oynayaraq orqanizmi cavanlaşdırır və müxtəlif xəstəliklərdən qoruyur.
Üyüdülmüş və quru halda olan zəncəfil çox güclü antioksidant təsirə malikdir.
Qurudulmuş qızılgül ləçəklərinin çaya atılması ona dad verir və ürək fəaliyyətini yaxşılaşdırır.
Udi-hindi və sarıkök də olduqca faydalı ədviyyatlar sayılır və onların tərkibində də orqanizm üçün faydalı olan çoxlu vitaminlər var.
Mütəxəssislərin ədviyyatlardan istifadə zamanı 5-10 qramdan artıq istifadə etməməyi tövsiyə edirlər. Normadan artıq istifadə maddələr mübadiləsini zəiflədə, qəbizliyə və böyrək problemlərinə səbəb ola bilər.
Növ zənginliyi ilə seçilən ədviyyatları qorumaq üçün onları düzgün şəraitdə 20 dərəcə istilikdə, rütubətin dərəcəsi 75 faizi keçməyən yerdə saxlamaq lazımdır. Onların saxlanam müddəti məhsulun istehsal tarixindən asılı olaraq bir ili keçməməlidir.