
Qadın orqanizminin fərqli dövrlərdə dəyişən ehtiyaclarını nəzərə alaraq, vitamin və mineralların düzgün qəbulu sağlamlıq üçün həlledici əhəmiyyət daşıyır.
Foodinfo.az bildirir ki, ginekoloq Nataliya Firsova bu mövzuda aparıcı elementlər kimi maqnezium, omeqa-3, D vitamini və dəmiri önə çəkir.
Firsova qeyd edir ki, reproduktiv yaş dövründə qadınlar gündəlik 25 milliqram dəmir qəbul etməlidir, menopozdan sonra bu göstərici 10 milliqrama enir. Hamiləlik zamanı isə doza fərdi olaraq həkim nəzarəti ilə təyin olunmalıdır. Qidadan kifayət qədər dəmir almaq çətindir – məsələn, 15 milliqram dəmir üçün təxminən 400 qram qarabaşaq yemək tələb olunur. Bitki mənşəli dəmirin mənimsənilməsi isə aşağı səviyyədədir və bəzi içkilər bu prosesi zəiflədir.
D vitamini qadın orqanizmində estrogen sintezini tənzimləyir. Onun çatışmazlığı premenstrual sindrom, polikistoz yumurtalıq sindromu (PCOS), məhsuldarlığın azalması və menstrual pozuntularla əlaqələndirilir. Yay aylarında SPF kremlərin istifadəsi dəridə D vitamini sintezini məhdudlaşdırdığı üçün, balıq, yumurta və zənginləşdirilmiş məhsullar qəbul edilməli, eyni zamanda, əlavələrdən istifadə tövsiyə olunur.
Omeqa-3 yağ turşuları iltihabın azaldılmasında və hormonal balansın qorunmasında mühüm rol oynayır. Onların çatışmazlığı da qadın reproduktiv sistemi üçün təhlükə yarada bilər.
Maqnezium isə sinir sistemi, əzələlər və ürək fəaliyyətindən tutmuş, stressin azaldılması və hormonal tarazlığa qədər geniş sahədə əvəzsizdir. Qadınlarda PMS simptomlarını və spazmları yüngülləşdirir, həmçinin yumurtlama və plasentanın inkişafı prosesində iştirak edir. Maqnezium orqanizmdə ehtiyat şəklində saxlanılmadığı üçün onu yaşıllıq, taxıl, qoz-fındıq və ya əlavələr vasitəsilə daim təmin etmək vacibdir.
Həkim vurğulayır ki, bu maddələrin balanslı şəkildə qəbul edilməsi qadın sağlamlığını qorumaq üçün vacib amildir və onların çatışmazlığı müxtəlif xroniki narahatlıqlara yol aça bilər.