Artıq fevral ayı olsa da, kiçik çillə girsə də, paytaxtda stabil “yaz havası” müşahidə olunur, hava soyumur. Mütəxəssislərə görə, qış aylarında havaların soyumaması, xüsusilə qarın yağmaması bir sıra xəstəliklərin artmasına səbəb olur.
Həkim terapevt Məlahət Abbasova bildirir ki, havanın temperaturu qışa uyğun olmasa da, artıq insanlar arasında qrip infeksiyası yayılmağa başlayıb.
Yayılan qrip isə ağır keçməsi ilə fərqlənir: "Yeni qriplər daha ağır keçir. Bu zaman hərarət 3-4 gün yüksək olur. Xəstəlik özünü halsızlıq, baş ağrıları ilə göstərir. Xəstəliyin 3-4-cü günü boğaz ağrıları, mədə-bağırsaq sancıları, ishal, qusma müşahidə edilir. Və bu xəstəliyin fəsadları daha ağır olur. Vaxtında müdaxilə edilməzsə, sətəlcəm, orta qulağın iltihabı və digər orqanların ağırlaşmış xəstəlikləri yarana bilər. Xəstəlik 7 — 10 günə sağalmağa başlayır".
Müsahibimiz xəstəlikdən qorunmağın yollarını da sadalayır: “Bu xəstəlik ağır keçdiyi üçün xəstələr digərlərini yoluxdurmamaq məqsədilə diqqətli olmalı və gigiyenik qaydalara əməl etməlidirlər. Uşaqlar qripi daha ağır keçirir. Buna görə də, qrip olan evdə uşaq varsa, xəstəyə yaxın buraxılmamalıdır. Körpələr və 5 yaşına qədər uşaqlar qripdən, soyuqdəymədən qorunmalıdırlar. Çünki tez-tez xəstələnmək uşaqlarda immunitet zəifliyi yaradır”.
Uşaq qidalanmadan qalır, zəifləyir və başqa ağır xəstəliklərin yoluxma ehtimalı da artır. Bu səbəbdən də uşaqları xəstə ilə eyni otaqda saxlamayın. Bol maye verin və uşağı qidalandırarkən, geyimini dəyişərkən əllərinizi sabunla yuyun. Əgər özünüz xəstəsinizsə, ağzınıza maska taxın. Çalışın, qida rasionunuzda, qırmızı ət, balıq, yumurta, mövsümü meyvələri daha çox edəsiniz. Bol-bol su için" – deyə Abbasova bildirir.
Həkim əlavə edir ki, havalar anormal keçdiyi üçün insanlar xəstələliklərdən qorunmaq məqsədilə təbii antibiotiklərə üstünlük verməlidirlər. Soğan, sarımsaq yeməli və xörəklərdə istifadə etməlidirlər.
Abbasova vurğulayır ki, özünü xəstəlikdən qorumaq istəyən hər kəs havaya uyğun geyinməlidir: "İnsanın bioloji saatı var. O saat fəsillərə, günlərə, hava şəraitinə uyğun olaraq formalaşıb. Anormal hava şəraiti hökm sürdükdə insanın bioloji saatı pozulur və orqanizm müqavimətini itirir, xəstəliklərə açıq olur. Bu səbəbdən də yay yay kimi, qış isə qış kimi keçməyəndə immunitet sistemi zəif olanlar xəstələnir". (Sputnik)
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir