Son illərdə eşşək südü haqqında maraq artıb. Əvvəllər əsasən dərman kimi istifadə edilən bu məhsul indi həm dəriyə qulluq, həm də sağlam qidalanma məqsədilə gündəmdədir.

Foodinfo.az xəbər verir ki, eşşək südü insan südünə ən yaxın heyvan südü hesab olunur. Onun tərkibində A, B1, B2, B6, C və D vitaminləri, kalsium, maqnezium, fosfor və sink kimi minerallar, az miqdarda yağ və çoxlu zülal və laktoza var.

Bu xüsusiyyətləri onu həm qida, həm də kosmetik baxımdan dəyərli edir.

Eşşək südünün faydaları:

1. İmmuniteti gücləndirir – C vitamini və antiosidantlar sayəsində orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.

2. Tənəffüs yollarına yaxşı təsir edir – Xüsusilə öskürək və bronxit zamanı bəlğəmgətirici təsiri ilə tanınır.

3. Həzm sistemini tənzimləyir – Yüngül tərkibli olduğuna görə mədə və bağırsaq üçün rahatdır.

4. Dəriyə faydalıdır – Kosmetik məhsullarda istifadə olunur, dərini yumşaldır, nəm saxlayır və qocalma əlamətlərini azaldır.

5. Uşaqlar üçün uyğundur – Ana südü ilə oxşarlığına görə bəzi hallarda uşaqların qidalanmasında istifadə edilir (amma yalnız həkim məsləhəti ilə).

Laktoza miqdarı yüksəkdir, buna görə laktoza dözümsüzlüyü olan şəxslər üçün uyğun deyil. Hər yerdə tapılan eşşək südü həmişə gigiyenik şəraitdə əldə olunmur, bu, mikrobioloji risk yarada bilər.

Hamilə və süd verən qadınlara yalnız həkim məsləhəti ilə içmək tövsiyə olunur.

Eşşək südü sabun, krem və maskaların tərkibində geniş istifadə olunur. Tərkibindəki vitaminlər dərinin elastikliyini artırır, onu yumşaq və hamar saxlayır.