Osteoporoz illərlə hiss olunmadan inkişaf edən və sümükləri zəiflədən təhlükəli xəstəlikdir. Foodinfo.az xəbər verir ki, tibb elmləri namizədi Olqa Ulankina bu xəstəliyin dünyada ən çox rast gəlinən qeyri-infeksion xəstəliklərdən biri olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, osteoporoz zamanı sümüklər kövrəkləşir və ən kiçik hərəkət və ya təsir nəticəsində – məsələn, sadəcə əyilib ayaqqabı bağlayarkən belə qırıq yarana bilər.

Ulankina deyib ki, bu xəstəlik zamanı onurğa fəqərələri, bud sümüyü və bilək sümükləri ən çox zədələnir. “Bud sümüyünün boynunun sınığı ən ağır hallardandır. Sağalma prosesi uzun çəkir və bəzi insanlarda hərəkət tam bərpa olunmur,” – deyə həkim xəbərdarlıq edib.

Risk qrupuna menopauzadan sonra qadınlar, 50 yaşdan yuxarı kişilər, irsiyyətcə bu xəstəliyə meyilli olanlar, endokrin pozğunluğu və ya D vitamini çatışmazlığı olan şəxslər daxildir.

Ulankina bildirib ki, osteoporozun qarşısını almaq üçün düzgün qidalanma, kalsium və D vitamini ilə zəngin qidalar, həmçinin mütəmadi fiziki hərəkət vacibdir.

O, həmçinin qeyd edib ki, sümük sağlamlığını qorumaq üçün duz və qazlı içkilərin azaldılması, siqaretdən və spirtli içkilərdən uzaq durmaq da mühüm rol oynayır.

Həkimin sözlərinə görə, vaxtında profilaktika aparılarsa, osteoporozun qarşısını almaq və sümükləri uzun illər möhkəm saxlamaq mümkündür.