Gecələr insan bədənində yağların yanmasına səbəb olan hormon ifraz olunur. İki mühüm qayda somatotrop hormon (böyümə hormonu) sayəsində yuxuda arıqlamağınıza  kömək edə bilər. 

Foodinfo.az xəbər verir ki, diyetoloq Yelena Solomatina bu prosesin necə baş verdiyini və yatmazdan əvvəl diqqət yetirməli olduğunuz məqamları açıqlayıb.

Onun sözlərinə görə, uşaqlarda və yeniyetmələrdə somatotrop hormon böyüməyə cavabdehdirsə, böyüklərdə bədəni bərpa etməyə və yağ yandırmağa kömək edir. Bu hormon gecələr orqanizmin işləməsi üçün çox vacibdir.

Bədənin bərpa mexanizmini işə salmağa və əlavə kilolardan qurtulmağa kömək edəcək ilk qayda yatmaq vaxtı ilə əlaqəlidir. Həkim böyümə hormonunun təsirini qaçırmamaq üçün axşamlar gec yatmamağı tövsiyə edir.

“Böyümə hormonunun istehsal olunması üçün vaxtında yatmaq lazımdır. Çünki o, qaranlıqda istehsal olunan yuxu hormonu melatonindən sonra ifraz olunur. Pik saat 23:30-dan 3:00-a qədərdir. Buna görə də, gündüzlər kifayət qədər yatsanız belə, eyni effekti ala bilməyəcəksiniz. Yəni melatonin bizi yuxuya aparır və bundan sonra orqanizm piy yandırma və təmizləmə sistemini işə salır”, - deyə Solomatina izah edib.

İkinci vacib qayda axşam yeməyinə çoxlu karbohidratlı qidalar yeməməkdir. Yatmazdan əvvəl yeyilən yüksək enerjili yemək xərclənməyəcək. Bu o deməkdir ki, orqanizm artıq qalan karbohidratları yağa çevirəcək.

Yatmazdan əvvəl sıyıqlar, un məmulatları, şirniyyat kimi qidalar qəbul edilməməlidir. Şam yeməyində yüngül proteinli qidalar yemək daha yaxşıdır. Məsələn, balıq və ya kəsmik kimi. Bu zaman biz orqanizmi artıq enerji ilə yükləmədən tikinti materialı ilə təmin edəcəyik.

Leyla