Bakı Apellyasiya Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Çingiz Cəlilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası 2019-cu ilin yanvarın 14-nə təyin edilib.
İttiham aktına əsasən, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.