Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Arıçılar Assosiasiyasının üzvləri ilə görüş keçirilib.
AQTA-dan Foodinfo.az-a bildirilib ki, görüşdə ölkədə arıçılıq təsərrüfatlarının mövcud vəziyyəti, bu sahədə biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi, həmçinin idxal və ixrac əməliyyatları zamanı tətbiq olunan prosedur qaydaları ətrafında geniş fikir mübadiləsi aparılıb. “Heyvan sağlamlığı haqqında” Qanun layihəsi barədə ətraflı məlumat verilib, eləcə də heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Bununla yanaşı, arıçılıq məhsullarının Avropa ölkələrinə ixrac potensialı, laborator analiz imkanlarının genişləndirilməsi və təsərrüfatların qeydiyyatı ilə bağlı məsələlər də müzakirə olunub.
Görüş qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və sahənin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli hesab edilib.






