Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində, xüsusilə kütləvi qidalanma məkanlarında qida təhlükəsizliyi tələblərinin gözlənilməsi, həmçinin bu cür hadisələrin baş verməməsi üçün davamlı olaraq ciddi tədbirlər həyata keçirilməkdədir. Təkcə son günlər ərzində onlarla kütləvi qidalanma məkanlarında, şadlıq evində aparılan yoxlamalar zamanı aşkarlanmış nöqsanlar və bununla bağlı görülən inzibati cəza tədbirləri barədə ictimaiyyətə məlumatlar təqdim olunub.

Foodinfo.az-ın xəbərinə görə, bu sözləri mətbuata AQTA-nınn İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev deyib.

O qeyd edib ki, nöqsanlar aşkarlanan və bu cür halların baş verməsinə birbaşa olaraq cavabdeh olan şadlıq evləri sahiblərinə rəsmi xəbərdarlıqlar olunub:

“Amma təəssüf ki, hələ də öz işinin məsuliyyətini dərk etməyən sahibkarlıq subyektlərinə rast gəlinir. Aşkarlanan nöqsanların təhlili onu göstərir ki, bər-bəzəkili zallara, daha çox müştəri cəlb etmək üçün reklamlara diqqət ayıran bəzi şadlıq evləri sahibləri əsas diqqət olunmalı məsələyə, yəni məhsulların emal sahələrinə, xammalın qəbulu zamanı təhlükəsizlik tələblərinə, mətbəxlərə, sanitar gigiyenik vəziyyətə, işçi heyətin sağlamlığına dırnaqarası yanaşırlar. Təəssüf ki, bu cür yanaşma sonda xoşagəlməz halların yaşanmasına, kütləvi zəhərlənmələrin baş verməsinə şərait yaradır. Bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün istehlakçılar da diqqətli olmalı və xidmət zamanı hər hansı şübhəli məqam və ya nöqsan gördükləri zaman Agentliyin 1003 Qaynar xəttinə məlumat vermələri xahiş olunur. Agentlik tərəfindən bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək”.