Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətində aşkarlığın və şəffaflığın daha da genişləndirilməsi, habelə dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün Agentliyin yanında fəaliyyət göstərəcək İctimai Şuranın tərkibinin formalaşdırılması məqsədilə Şuranın üzvlüyünə seçkilərin təşkili üçün 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

 

Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, qanunvericiliyə uyğun olaraq Agentlik tərəfindən 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv olmaqla seçki komissiyasının videobağlantı formatında ilk iclası keçirilib. İclasda komissiya üzvləri Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması, başa çatması vaxtının elan edilməsi və bir sıra texniki məsələlər ilə bağlı müzakirələr aparıb, müvafiq qərarlar qəbul ediblər.

 

Şuranın tərkibi vətəndaş cəmiyyəti institutları, o cümlədən qida zəncirinin bütün mərhələlərini təmsil edən ictimai birliklər və təşkilatların səlahiyyətli nümayəndələrindən, həmçinin müvafiq istiqamət üzrə elm və tədris sahələrini təmsil edən şəxslərdən 1 nəfər olmaqla təşkil edilir.

 

Agentlik yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər 10 fevral 2023-cü il tarixindən 20 iş günü müddətində Agentliyin Seçki Komissiyasına (e-mail: [email protected], əlaqə: (+994 12) 565-12-72 (daxili-209) ) müraciət edə bilərlər. Müraciətdə əlaqə vasitələri, e-mail, şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti, şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənəd (olduğu halda müvafiq ixtisas üzrə diplom, əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyən digər sənədlər) və digər zəruri məlumatlar qeyd edilməlidir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.17-ci bəndinə uyğun olaraq İctimai şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcəkdir. Seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat Agentliyin rəsmi internet səhifəsi vasitəsi ilə elan ediləcəkdir.