Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, istehlakçı şikayəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şosesi, 1 May küçəsində yerləşən “ÇEMP Su” MMC-yə məxsus su emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı müəssisədə qablaşdırılan “ÇEMP Su” əmtəə nişanlı suların etiket məlumatlarında suyun mənbəyinin “Böyük Qafqaz sıra dağlarının bulaqlarından ekoloji təmiz su”dan əldə edildiyi qeyd olunsa da, mərkəzləşdirilmiş su sistemindən gələn suları filtr etməklə qablaşdırıldığı müəyyən edilib. Eyni zamanda, müəssisənin qida sahəsində normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, qanunvericiliyə zidd olaraq məhsulların üzərində “müalicəvi” sözünün qeyd olunduğu, ehtiyat su çəninin, filtrlərin, qablaşdırma avadanlığının müvafiq qaydalara uyğun təmizlənməsi, mexaniki filtrlərin, kömür və qum filtrlərinin dəyişilməsi ilə bağlı qeydiyyatın aparılmasına dair təsdiqedici sənədlərin olmadığı, qida məhsulları ilə təmasda olan avadanlıqların yuyulması üçün nəzərdə tutulmayan kimyəvi maddədən istifadə olunduğu aşkarlanıb.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə suyun emalının qadağan edilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub və müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib. “ÇEMP Su” əmtəə nişanlı sudan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsi barədə əlavə məlumat veriləcək.
Agentlik su satışı ilə məşğul olan ticarət şəbəkələrinə bir daha xəbərdarlıq edərək bildirir ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun müvafiq tələblərini kobud şəkildə pozaraq müvafiq normalara cavab verməyən bu kimi məhsulların satışı dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda, həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcəkdir.
İstehlakçılardan hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar etdikdə, dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.