
Belçika Krallığının istehsalçı şirkəti “S.A. Corman”a məxsus kərə yağı məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Foodinfo.az xəbər verir ki, AQTA-nın bildirişi əsasında, Belçikanın aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə nəzarət tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri ilə bağlı AQTA-ya ətraflı məlumat verilib.
Belçika tərəfindən gücləndirilmiş nəzarət tədbirlərinin görülməsi, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Belçika Krallığının Qida Zəncirinin Təhlükəsizliyi üzrə Federal Agentliyinə müvafiq məlumat verilib.