Çiy balıqla hazırlanan yeməklər dadlı görünsə də, sağlamlıq üçün təhlükəsiz deyil. Foodinfo.az xəbər verir ki, Dövlət Maarif Universitetinin Tibb fakültəsinin cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov Lenta.ru-ya açıqlamasında çiy balığın tərkibində insan orqanizminə zərər verə biləcək parazitlərin mövcud ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, ən təhlükəli hallardan biri anizakidlər adlanan helmintlərdir. “Bu parazitlərin sürfələri balığın toxumasında ola bilər və çiy şəkildə qəbul olunduqda insan orqanizminə keçərək anizakidoz adlı xəstəliyə səbəb olur,” – deyə Umnov xəbərdarlıq edib.
Həkim bildirib ki, bu infeksiya mədə və bağırsaqlarda kəskin ağrılar, ürəkbulanma və qusma kimi simptomlarla özünü göstərə bilər. Gec diaqnoz qoyulduqda isə parazitlərin bədəndə hərəkəti ciddi iltihab və allergik reaksiyalara yol aça bilər.
Umnov əlavə edib ki, balıq məhsullarının hazırlanmasında gigiyena qaydalarına əməl edilməməsi bakterial infeksiyaların da yaranma ehtimalını artırır. “Balıqların saxlanma və emal şəraitinə diqqət edilmədikdə, orada salmonella və ya digər təhlükəli bakteriyalar çoxala bilər,” – deyə o qeyd edib.
Mütəxəssis xəbərdarlıq edib ki, yalnız etibarlı mənbələrdən alınan və düzgün donma və bişirmə prosesi keçmiş balıq məhsulları təhlükəsiz sayılır. “Balıq -18°C temperaturda ən azı 3 gün dondurulmalıdır, bu zaman parazitlərin sürfələri məhv olur,” – deyə Umnov əlavə edib.
Həkimlər ümumilikdə tövsiyə edirlər ki, çiy balıqla hazırlanan suşi və digər yeməklər nadir hallarda və yalnız tam sanitariya tələblərinə əməl olunan yerlərdə yeyilməlidir. Əks halda bu, orqanizm üçün ciddi təhlükə yarada bilər.






