Evdə kartofu düzgün şəraitdə saxlamaq onun keyfiyyətinə və sağlamlığa birbaşa təsir göstərir. Foodinfo.az xəbər verir ki, “Roskaçestvo” mütəxəssisləri insanların çox vaxt buraxdığı bir səhvə diqqət çəkiblər: kartofu mətbəx çanağının (rakovinanın) altına qoymaq olduqca zərərlidir.

Mütəxəssislərin sözlərinə görə, bu yerdə rütubət yüksək olur, hava dövranı zəifdir və isti su boruları səbəbindən temperatur tez-tez dəyişir. Bu şərait kartofun cücərməsini, yumşalmasını və tez çürüməsini sürətləndirir.

Kartof üçün ideal saxlama şəraiti üç əsas amildən ibarətdir: qaranlıq, sərinlik və yaxşı hava dövranı. Ən uyğun istilik dərəcəsi +2 ilə +6 °C arasında olmalıdır.

Mütəxəssislər ev şəraitində kartofu mümkün qədər sərin, quru və qaranlıq yerdə saxlamağı məsləhət görürlər. Ən münasib yerlər arasında anbar, balkonun qapalı küncü və ya hava keçirdən şkaf göstərilir.

Bundan başqa, kartofu nəfəs alan qabda saxlamaq vacibdir — məsələn, tor kisələrdə, taxta və ya deşikli plastik qutularda. Bu, həm rütubətin yığılmasının, həm də kifin əmələ gəlməsinin qarşısını alır.

Mütəxəssislər həmçinin kartof seçərkən diqqətli olmağı tövsiyə edir. Keyfiyyətli kartof quru, təmiz, bərk olmalı, cücərmiş və ya yaşıl hissələri olmamalıdır. Yaşıl ləkələrdə zəhərli solanin adlı maddə toplanır ki, bu da sağlamlıq üçün təhlükəlidir.