"Dubay Turizm Departamenti (DTD) tərəfindən Dubayda bu il 5- ci turizm festivali keçirildi. Festivala ekspert kimi Azərbaycandan Tahir Əmiraslanov, Qazaxıstandan Aleksandr Traqubenko, Rusiyadan Anatoliy Kazakovu dəvət etmişdilər. Festival fevralın 22-dən martın 10-dək keçirildi".
Bunu Foodinfo.az-a açıqlamasında Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanov deyib.
O bildirib ki, "Dubayın dadı" festivalı çərçivəsində ən yaxşı seçilmiş 15 restoran müəyyən edilir və bu restoranlara biletlər satılır: "Biletlər həmdə lotereya kimi oynanılır. Sonra daha çox restoranlar, aşpazlar festivala qoşulur. Festivallar müxtəlif yerlərdə, müxtəlif platformalarda keçirilir. Məsələn platformalardan birində yüzlərlə seçilmiş "küçə qidası" müəssisələri iştirak edirdilər . Hər kəs öz avtodükanı ilə bu platformada iştirak edirdi. Kiçik kafelər avtobuslarda, avtopriseplərdə, yəni müxtəlif hərəkət edən vasitələrdə işləyirdi.Küçə ticarəti ilə məşğul olan restoranlar yalnız sadə küçə yeməklərini deyil, hətda müasir texnologiyalara, məsələn soyuqla, yəni azotla bişirmə metodlarından da istifadə edirdilər".
T. Əmiraslanovun qeyd edib ki, digər platformada ölkədə fəaliyyət göstərən orta və yuxarı səviyyəli restoranlar iştirak edirdi. Bu restoranlar Dubay Turizm Departamenti tərəfindən seçilir.Yəni hər istəyən restoran bu platformada iştirak edə bilməz. Burada kino zal kimi fəaliyyət göstərən restoran daha çox maraq doğururdu.
Burada aşpazlar müxtəlif usta siniflər keçirir, həvəskarlara və evdar qadınlarla birlikdə yarışlar keçirir, onları öyrədirdilər.
Üçüncü platformada orta səviyyəli öz yerlərində fəaliyyət göstərən restoranlar iştirak edirdi. Məsələn sadə hind və yerli ərəb restoranlarında ekspertlərə təqdim edilən yeməklər də öz sektoru üçün yüksək səviyyəli idilər.
Ekzotik və yüksək restoran sektorunda da ayrıca platformalar var idi.
Ekspertlərə Bürc Xəlifənin 122- ci mərtəbəsində 495 m yüksəklidəki Atmosfer restoranında təqdim edilən yeməklər çox yüksək səviyyədə idi. Yerdə əyləşəndən sonra müştəriləri kreslolara bağlayıb kranla 50 m yüksəkliyə qaldırılan açıq restoranda, səmada yemək verilən restoranda da Bürc Xəlifədəki kimi yeməkdən daha çox yüksəklik, mənzərə satırdı. Bədəvi mətbəxi restoranı da daha çox tarixi, etnoqrafiyanın satışı ilə məşğul idi. İnsanlar yeməklər vasitəsi ilə BƏƏ- nin tarixi ilə tanış olurdular.
Yüksək restoranlardan "Cümeyra Four Season" - un damındakı restoranıda həm mənzərə, həm də əyləncə satırdı.
Otelin digər restoranı çox yüksək səviyyəli Asiya və Çin yeməkləri satırdı.
Beləliklə Dubay öz mətbəxi vasitəsilə Dubaydakı əhalinin sosial durumunu, gələn turistlərin vəziyyətini, ölkədəki əhalinin tərkibini, özünün inkişaf və tarixini və s. göstərə bilirdi.
Dubay özündə bir mətbəx , qida cənnətini bütün dünya mətbəxini bir məkanda Dubayda toplandığını nümayiş etdirirdi. Burada dünyanın bütün mətbəxlərini dadmaq olar.
Bu gözəl festivala görə bizi dəvət edən, bütün xərclərimizi qarşılayan Dubay Turizm Departamentinə və onun MDB üzrə nümayəndəsi Yuliya Lutsik xanıma təşəkkürümüzü bildiririk, deyə T. Əmiraslanov əlavə edib.