Mütəxəssislər bildirirlər ki, bəzi hallarda vaxtı keçmiş qida məhsullarını dərhal atmaq əvəzinə onlardan başqa məqsədlərlə istifadə etmək mümkündür. Lakin bunun üçün məhsulun vəziyyətini düzgün qiymətləndirmək vacibdir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, internetdə vaxtı keçmiş məhsulların istifadəsi ilə bağlı müxtəlif məsləhətlər yayılsa da, onların hamısı praktik və təhlükəsiz hesab olunmur.

Məsələn, bəzi mənbələrdə xarab olmuş darı yarmasının pişik qumunun əvəzi kimi istifadə edilməsi tövsiyə olunur. Lakin mütəxəssislər bunun düzgün yanaşma olmadığını bildirirlər. Onların sözlərinə görə, belə yarmada oksidləşmiş yağlar ola bilər və bu maddələr həm heyvanlar, həm də ətraf mühit üçün faydalı deyil.

Bununla yanaşı, bəzi üsullar daha məqbul hesab edilir. Məsələn, bərkimış şəkər və üyüdülmüş qəhvədən bədən üçün skrab hazırlamaq mümkündür. Mütəxəssislər bildirirlər ki, bir çay qaşığı şəkər, iki çay qaşığı zeytun və ya kokos yağı və bir qaşıq qəhvə qarışdırılaraq bədən üçün təmizləyici vasitə hazırlana bilər. Lakin bu qarışığın üz üçün uyğun olmadığı qeyd olunur.

Kulinarlar isə bildirirlər ki, turşumuş süd bəzi yeməklərdə istifadə oluna bilər. Məsələn, belə süddən kəsmik hazırlamaq, kefirdən isə pankek və ya blinçik bişirmək mümkündür. Eyni zamanda turş süd ətin marinad edilməsi üçün də istifadə oluna bilər, çünki süd turşusu bakteriyaları ətin daha yumşaq olmasına kömək edir.

Digər tərəfdən, bəzi məsləhətlər tam təsdiqini tapmır. Məsələn, vaxtı keçmiş mayonezin paslanmayan qabları təmizləmək üçün istifadə edilməsi effektiv sayılmır. Mütəxəssislər belə hallarda soda, limon suyu və ya sirkə kimi vasitələrin daha yaxşı nəticə verdiyini bildirirlər.