"Müşahidələr göstərir ki, insanları kampaniyaçılıq şəklində yarmarkalara cəlb edib, məhsulları bazar qiymətlərindən ucuz satmağa məcbur edirlər”.
Bunu Novruz bayramı ilə əlaqədar paytaxta təşkil ediləcək yarmarkalardan danışarkən iqtisadçı - ekspert Nazim Bəydəmirli deyib.
O bildirib ki, müvafiq qurumların, yarmarkaları təşkil edən müəssisələrin fermerlərə təsir imkanı var:
"Ona görə, belə fikir formalaşıb ki, yarmarkalardakı kənd təsərrüfatı məhsullarının keyfiyyəti aşağıdır. Məcburi və planlaşdırılmış şəkildə təşkil edildiyinə görə, yarmarkalar o qədər də effekt vermir.
Yarmarkanın necə təşkil olunmasına gəlincə, bazara çıxışın sahibkar üçün asanlaşdırılması, vergilərin, yer haqqının aşağı salınması yarmarkaların ənənəyə çevrilməsini stimullaşdıra bilər. Bu baxımdan sahibkarın izafi xərcləri, malın tarladan istehlakçıya qədər gəlməsinə lazım olan əlavə xərclərin azaldılması üçün dövlət orqanları addım ata bilər. Məcburilik aradan qalxdıqda yarmarkalarda yaranan rəqabət qiymətə təsir edər”.
Ölkədə bahalığın kökündə duran məsələlərdən danışan iqtisadçı söyləyib ki, bu yarmarkaların az olmasından qaynaqlanmır:
"Sadəcə bazarda inhisarçılıq, ümumi məmur sahibkarlığı mövcuddur. Maliyyə resurslarına çıxış asan deyil. Bunlar qlobal problemlərdir, kompleks həll olunmalıdır. Nazirlər Kabineti bütövlükdə bu məsələlərə düzgün yanaşmalıdır ki, sahibkarlar daha rəqabətli şəkildə fəaliyyət göstərsin. Təəssüf ki, son zamanlar bunun əksini ifadə edən fikirlər səsləndirilir. Hətta sahibkarların, kənd təsərrüfatı işçilərinin əlavə vergilərə cəlb edilməsi gündəmə gətirilir. Bu isə daha artıq ajiotaj yaradır”.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 17-20 mart tarixlərində fasiləsiz olaraq 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub. (Sherg.az)