Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-dan Foodinfo.az-a bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Yunanıstan Respublikasının Makedoniya və Frakiya inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Makedoniya və Frakiya inzibati ərazi vahidində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.