Moskvada “Prodexpo 2019” beynəlxalq ərzaq sərgisi açılıb. Fevralın 15-dək davam edəcək sərgidə ölkəmiz “Made in Azerbaijan” stendi ilə təmsil olunur. “Made in Azerbaijan” brendli məhsulların sorağı müxtəlif ölkələrdən gəlir. Xarici bazarlara çıxarılan, ərzaq və qida sərgilərində nümayiş etdirilən yerli məhsullar bu dəfə regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən olan “Prodexpo 2019” beynəlxalq ərzaq sərgisində maraqla qarşılanır. Azərbaycana aid pavilyonda ölkəmizdə istehsal edilən, həmçinin özünün keyfiyyəti və rəqabətqabiliyyətliyi ilə seçilən məhsullar vahid ölkə stendi ilə təqdim edilir. Sərgi zamanı ziyarətçilərə Azərbaycan haqqında məlumat verilir. İndi Azərbaycan məhsullarını əcnəbilər öz ölkələrində rahatlıqla əldə edə bilirlər. Bu cür sərgilər isə “Made in Azerbijan” brendli məhsulların təşviqi istiqamətində görülən işlərə töhfə verir, həmçinin ziyarətçilərin yeni məhsullarla tanışlığına imkan yaradır. Bu dəfə sərgidə 65 ölkədən 2000-dən çox şirkətin məhsulları nümayiş olunur. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirdi ki, bu sərgi ölkələr üçün Rusiya bazarına çıxmaq, səmərəli müqavilələr bağlamaq, ölkələrimiz arasında əmtəə mübadiləsini artırmaq üçün yaxşı fürsətdir. Ərzaq sərgisinin rəsmi internet saytında habelə sərgi ziyarətçilərinə təqdim olunan katoloqlarda, bannerlərdə Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, sərginin keçirildiyi zallardakı bütün monitorlarda “Made in Azerbaijan” brendinin reklam çarxları nümayiş olunur.