Azərbaycanda dövlət dəstəyi ilə təbiq edilən aqrar sığorta çərçivəsində ölkədə ilk dəfə olaraq tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb. Foodinfo.az xəbər verir ki, Aqrar Sığorta Fondundan verilən məlumata görə, Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarı ilə aqrar sığorta predmetlərinin – sığortalanan bitkilərin siyahısı genişləndirilib. Nəticədə ölkədə geniş şəkildə əkilən tərəvəz-bostan bitkiləri – noxud, yaşıl noxud, qarpız, qovun, pomidor, baş soğan, sarımsaq və kələm də sığortalanan bitkilər sırasına daxil edilib. Aqrar sığorta qaydalarına əsasən, sözügedən bitkilər dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri kimi risklərdən, eləcə də əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən sığortalana bilərlər. Tərəvəz-bostan bitkilərinin sığortalanması üçün sığorta tarifləri ölkənin regionları və seçilmiş sığorta zərfindən asılı olaraq dəyişir. Sığorta tarifləri aşağıdakı kimidir: - pomidor 2.12% - 4.58% - baş soğan 1.61% - 3.18% - sarımsaq 1.54% - 3.02% - kələm 1.59% - 3.30% - noxud 1.95% - 4% - yaşıl noxud 1.95% - 4% - qarpız 2.17% - 4.71% - qovun 1.87% - 3.98%.