Almaniyada daha bir məhsulun rəflərdən təcili geri çağırılması barədə elan yayılıb.
“Erdbar GmbH” şirkəti mağazaları ticarət bazalarından satın alınmış “Freche Freunde” markalı uşaq sıyıqlarını geri qaytarmağa çağırıb.
Bu məhsulun Almaniya, Avstriya və İsveçrədə satıldığı bildirilir. Bu uşaq yeməyini alan valideynlər indi ehtiyatlı olmalı və ya hətta növbəti dəfə bu məhsulu almaqdan çəkinməlidirlər, çünki bu qida uşaq sağlamlığı üçün çox zərərli ola bilər.
Almaniyada uşaq sıyıqları indiyədək xüsusilə “Rossmann” və “Dm” apteklərində satılırdı. Alman şirkətlərinə məhsulun geri çağırılması barədə artıq məlumat verilib və onların sözügedən partiyanı artıq öz çeşidlərindən çıxardıqları bildirilir.
Məlum olduğu kimi, planlı yoxlama tədbirləri zamanı uşaq sıyığında bitki tərkibli tropan alkaloidinin izləri aşkar edilib. Buna görə də, şirkət bu məhsulun istifadəsinə qarşı çıxır.
Tropan alkaloidləri, bitkilər tərəfindən yırtıcılardan qorunmaq üçün istehsal olunan təbii bitki maddələridir. İnsanlar üçün çox zəhərlidir. Kiçik dozalarda belə ürək əzələsinin yığılıb-açılmasına və mərkəzi sinir sisteminə təsir edə bilər. Zəhərlənmənin yüngül simptomlarına göz bəbəklərinin genişlənməsi, dərinin qızarması, selikli qişaların quruması daxildir. Daha çox qəbul edildikdə, başgicəllənmə, ürək döyüntüsü, baş ağrısı, ürək bulanması, görmə pozğunluqları və halüsinasiyalar baş verə bilər (AzərTAC)