Düzgün qidalanma rasionunda çox populyar olan bəzi məhsullar əslində bir çox insanda qarında narahatlıq və şişkinlik yarada bilər.
Bu barədə rusiyalı neyroqastroenteroloq Andrey Simakov Gazeta.ru-ya açıqlamasında danışıb və hansı maddələrin daha çox qaz əmələ gətirdiyini izah edib.
Həkimin sözlərinə görə, avokado, protein batonları və hətta çobanyastığı çayı düşündüyümüz qədər mədə üçün yüngül olmaya bilər. Düzgün qidalanma menyusunda tez-tez FODMAP adlı maddələrlə zəngin məhsullar olur.
FODMAP bağırsaq bakteriyaları tərəfindən asanlıqla fermentasiya olunan oliqosaxaridlər, disaxaridlər, monosaxaridlər və poliollardır. Bu maddələr parçalanarkən qaz əmələ gəlir və nəticədə köp və şişkinlik yaranır.
Simakovun sözlərinə görə, ən tipik nümunələrdən biri avokadodur. Bu məhsul sağlam qidalanmanın simvolu hesab olunsa da, tərkibində perseitol adlı şəkər spirti var və bu maddə bağırsaqda yaxşı fermentasiya olunur.
Həkim qeyd edib ki, 60 qramdan çox avokado bəzi insanlarda artıq köp yarada bilər.
Ekspert əlavə edib ki, bağırsaqda narahatlıq yaradan digər yayılmış mənbə inulin tərkibli protein batonlarıdır. İnulin tez-tez bioloji əlavələrə və sinbiotiklərə əlavə olunur, lakin bəzi insanlar üçün o, bağırsaq bakteriyaları üçün "ideal qida" olduğuna görə köp yarada bilər.
Simakov, həmçinin şişkinlik yarada bilən digər məhsulları da sadalayıb: kombuça (çay göbələyi), çobanyastığı çayı, alma, çovdar çörəyi, bal, sarımsaq və soğan (hətta ədviyyat tərkibində), qoz-fındıq, qarpız, şaftalı, gavalı (oxu.az)






