Enerji içkiləri səhər tezdən və ya nahardan sonra əhvalınızı yüksəldə bilər, lakin elm adamları onların ciddi sağlamlıq problemləri yarada biləcəyini aşkarlayıblar.

Foodinfo.az-ın məlumatına görə, ərzaq mağazalarında satılan məşhur enerji içkilərinin tərkibində 150 mq-a qədər kofein ola bilər ki, bu da qəhvədəkindən təxminən iki dəfə çoxdur. Məlumdur ki, enerji artıran bu içkilər təhsil alan gənclər arasında da çox populyardır. Bununla belə, tədqiqatlar göstərir ki, enerji içkilərinin çox tez-tez istehlak edilməsi ürək fəsadlarından xərçəng riskinin artmasına və hətta depressiyaya qədər ciddi nəticələrə səbəb ola bilər. 

Mütəxəssislər bu içkilərin ən çox bu dörd xəstəliyə səbəb olduğunu söyləyirlər:

1. ÜRƏK DAYANMASI: Həkimlər xəbərdarlıq edir ki, enerji içkiləri genetik ürək xəstəliyi olan insanların həyatı üçün təhlükə yarada bilər. Bunun səbəbi enerji içkilərinin potensial olaraq ürəyin elektrik sistemini poza bilməsi, aritmiya kimi tanınan anormal ürək ritmləri riskini artıra bilməsidir. 

2. KOLON XƏRÇƏNGİ: Enerji içkiləri təkcə enerji səviyyənizi artırmır, həm də xərçəng riskinizi artırır. Bəzi ekspertlər belə içkilərdə şəkər və taurinin yüksək səviyyədə olması səbəbindən kolon xərçəngi riskinizi artıra biləcəyindən şübhələnirlər. Ət, balıq və yumurtada çox rast gəlinən bir amin turşusu olan taurin bir çox enerji içkisinə əlavə edilir. Taurin digər amin turşuları kimi bədəndə zülal yaratmaq üçün istifadə edilmir, lakin sinir hüceyrələrində kalsiumun miqdarını tənzimləmək və iltihabı idarə etmək də daxil olmaqla bir neçə rola malikdir. Bununla belə, onun yoğun bağırsaq xərçəngi olan insanların bağırsaqlarında olan zərərli bakteriyaları qidalandırdığı və böyüməsini sürətləndirdiyi də iddia edilir.

3. YUXUSUZLUQ: Həftədə bir neçə enerji içkisi içmək sağlamlığınıza təsir edəcək qədər sizi yuxudan məhrum edə bilər. Araşdırmalara görə, insan nə qədər çox enerji içkisi içirsə, gecələr bir o qədər az yatır və bu da gündüz yorğunluğuna səbəb olur. Buna səbəb içkilərin tərkibindəki yüksək kofeindir. 

4. DEPRESSİYA: Enerji içkiləri təkcə ürək problemləri riskinizi, yuxusuzluğunuzu artırmır, o həm də intihar cəhdlərinin artmasına da gətirib çıxarır. Enerji içkilərindən istifadə edənlərin psixi sağlamlıqlarının daha pis olduğu və daha çox narahatlıq, depressiya, qidalanma pozğunluğu və intihara cəhd göstərdiyi aşkar edilib.