Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi tərəfindən "Ətraf-mühiti dövlətimiz ilə birlikdə qoruyaq" adlı layihə icra edilməkdədir.
Foodinfo.az-ın xəbərinə görə, layihə çərçivəsində Azərbaycanda ətraf mühitin qorunması sahəsində dövlət ilə cəmiyyət arasında əməkdaşlığın vəziyyəti, ictimaiyyətin ətraf mühitin qorunması məsələlərində iştirakına həsr edilmiş maarifləndirici video çarxın hazırlanması və geniş ictimaiyyət arasında KİV (elektron media) və sosial şəbəkələr vasitəsi ilə yayılması təklif edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdə son 1 ildə həyata keçirdiyi fəaliyyətlər, nazirlikdə gedən islahatlar və dəyişikliklər, nazirlik yanında İctimai Şuranın yeni tərkibinin seçilməsi, yeni üzvlər haqqında qısa məlumatlandırma, şuranın 2021-ci ilin sonuna kimi planlaşdırdığı strategiya, müəyyən edilmiş hədəflərə çatmaq üçün vətəndaş cəmiyyəti, özəl sektor və digər dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi yolları və digər bu kimi məsələlər bu videoçarxda geniş işıqlandırılacaq.
Bununla yanaşı, 27 sentyabr 2020-ci il tarixindən torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə ölkə prezidenti, müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 9 Noyabr 2020-ci il tarixində imzalanan bəyanatla ölkəmizin qələbəsi ilə başa çatan Vətən müharibəsi Azərbaycan tarixində önəmli hadisədir. Bu müddət ərzində, eləcə də son 30 ilə yaxın dövrdə Ermənistan tərəfindən torpaqlarımızda həyata keçirirlmiş ekoloji terror, Vətən müharibəsi zamanı Şuşa ətrafında böyük sahəni əhatə edən meşə yanğınlarının törədilməsi, Ermənistan ordusu tərəfindən Mingəçevir Su Anbarının dəfələrlə partladılmasına cəhd edilməsi və Ermənistan siyasətçilərinin Azərbaycana Ermənistandan gələn transsərhəd çayların zəhərləndirilməsi kimi təşəbbüslərlə çıxış etməsi kimi faktlar da günümüzdə aktual olduğu üçün filmdə işıqlandırılacaq.
"Ətraf-mühiti dövlətimiz ilə birlikdə qoruyaq" adlı sənədli film formatında video çarxın hazırlanması işləri artıq yekunlaşma mərhələsindədir və dekabr ayının əvvəlində Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi tərəfindən geniş ictimaiyyət üçün filmin təqdimatı keçiriləcək.