Kofenin bir çox faydalarının olduğu məlumdur. Eyni zamanda çox istifadə olunduqda bir sıra fəsadlarının yarandığı barədə də daim xəbərdarlıqlar olunur.
e-tibb.az xəbər verir ki, bu dəfə Cənubi Avstraliya Universitetinin sağlamlıq mərkəzinin alimləri kofe ilə bağlı araşdırmalar aparıblar. Onlar hesab edirlər ki, həddindən artıq qəhvə istifadəsi ciddi oynaq xəstəliklərinə gətirib çıxarır.
Məlumata görə, yeni tədqiqat başqa yolla aparılıb: alimlər qəhvənin onu sevərlərin və ondan istifadə etməyənlərin sağlamlığına təsirini müqayisə ediblər.
Universitetin professoru Elina Hipponen bildirib ki, əvvəllər hərtərəfli araşdırmalarda gündə altı fincana qədər qəhvənin təhlükəsiz olduğu deyilirdi: "Bu dəfə araşdırmada biz genetik yanaşmadan istifadə etdik-MR-PheWAS deyilən analizin köməyi ilə qəhvə istifadəsi və xəstəliklərin inkişafı arasındakı əlaqəni araşdırdıq. Nəticələr göstərir ki, qəhvənin məqsədəuyğun normada qəbulu sağlamlığa zərər vermir. Lakin normanın aşılması oynaqların-osteoartrit və artropatiya xəstəliklərinin inkişaf riskini artırır”.
Alim, osteoartrit və ya artropatiyanın irsi anamnezi olan insanlara, eləcə də artıq oynaqda problemlərlə üzləşənlər üçün qəhvədən aşırı istifadə etməməyi tövsiyə edib.