Azərbaycan Dövlət Statistika Komitəsi“Bazar və yarmarkalarda məhsulların satışı haqqında” 2-bazar №-li (rüblük) rəsmi statistika müşahidəsi formasını təsdiq edib.
Bununla bağlı qərarı komitə sədrinin birinci müavini Vahab Məmmədov imzalayıb.
Sənədə əsasən, bazar və yarmarkalarda məhsulların satışı üzrə statistika müşahidəsi ailə kəndli və ev təsərrüfatlarına özlərinin istehsal etdikləri məhsulların satışını həyata keçirmək, habelə digər fiziki şəxslərə ticarət fəaliyyəti göstərmək üçün ayrılmış ticarət yerlərində seçmə qaydada aparılan sorğuya əsaslanır.
Müşahidənin aparılmasında məqsəd ölkənin bazar və yarmarkaları üzrə ümumilikdə ticarət dövriyyəsinin statistik qiymətləndirilməsi üçün bir ticarət yeri üzrə məhsul satışının dəyərinə dair orta göstəricilərin əldə edilməsidir.
Müşahidə seçmə şəbəkəsinə daxil edilmiş bazar və yarmarkalarda hər rübün ikinci ayında olmaqla ildə 4 dəfə aparılır. Müşahidə seçilmiş ticarət yerlərinin hər birində iş və qeyri-iş günləri əhatə olunmaqla keçirilir və bu zaman hər bir bazar və yarmarka üçün həm iş günü, həm də qeyri-iş günü üzrə ayrılıqda müşahidə forması doldurulur. Müşahidəyə cəlb edilmiş ticarət yerlərinin sayından asılı olaraq sorğu ay ərzində bir və ya bir neçə iş və qeyri-iş günü davam etdirilə bilər.
Bazar və yarmarkalarda müşahidə məhsul qrupları üzrə müəyyənləşdirilmiş ticarət yerlərindən sadə təsadüfi seçmə metodu ilə seçilmiş ticarət yerlərində aparılır, seçmənin həcmi məhsul növləri üzrə seçilmiş ticarət yerlərinin sayı əsasında müəyyən edilir. Hər bir məhsul növü üzrə ticarət yerlərinin ümumi sayının 5 faizi əhatə olunanadək müşahidə növbəti seçilmiş ticarət yerlərində davam etdirilir.
Ayrı-ayrı məhsul növləri üzrə 5%-lik seçmə tətbiq edildikdə seçilmiş ticarət yerlərinin sayı 3-dən az olarsa, bu halda ümumi məcmudan əlavə seçilməklə 3 ticarət yeri müşahidəyə cəlb edilir. Baş məcmuda hər hansı məhsul növü üzrə ticarət yerlərinin ümumi sayı 3-dən az olduqda isə başdan-başa müşahidə üsulu tətbiq edilir və bütün ticarət yerləri üzrə müşahidə aparılır. (Report)