Müxtəlif ölkələrdə ölüm hallarının əsas səbəbləri qidalanma, stress və fiziki fəaliyyətin olmaması nəticəsində meydana gələn infarkt və insultla birbaşa əlaqəlidir.

Foodinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri "Hemotest" laboratoriyasının həkimi, idman dietoloqu Anton Braykin deyib.

"Aralıq dənizi regionunun sakinləri həyatlarında bu amilləri minimuma endiriblər, ona görə də ürək-damar xəstəliklərinə orada daha az rast gəlinir. Həmçinin şəkərli diabet, hipotiroidizm (yod çatışmazlığı səbəbindən qalxanabənzər vəzin funksiyasının azalması), allergiya və bronxial astmanın nə olduğunu praktiki olaraq bilmirlər.

Bütün dünyada 100 il yaşayan uzunömürlülərin sağlamlığı gündəlik qidalanma ilə bağlıdır. Belə ki, dəniz məhsulları və yağlı balıqlardan ibarət Aralıq dənizi pəhrizinin faydaları çoxdan sübut olunub. Bu qidalar əsas yağ turşuları, vitaminlər və minerallarla zəngindir. Avokado və qoz-fındıq da faydalıdır, çünki onlarda omeqa-3 var, həmçinin yod və digər mikroelementləri ehtiva edən dəniz yosunlarını da qeyd etməyə dəyər.

İtaliya və İspaniya sakinlərinin rasionuna həzm sistemini normallaşdıran çoxlu təzə tərəvəz, meyvə və otlar daxildir. Doymuş yağlarla zəngin olan təzə sıxılmış zeytun yağından da çox istifadə edirlər. Bu yağ xərçəng və aterosklerozun qarşısını almağa kömək edir", - həkim açıqlamasında qeyd edib.

Ekspert həmçinin vurğulayıb ki, çoxlu qızardılmış qırmızı ət yeyən Qafqazın 100 il yaşayan sakinləri də xüsusi diqqətə layiqdirlər.

"Fakt budur ki, bu məhsul orqanizm üçün zərərlidir və xərçəng riskini artırır. Bununla belə, qafqazlılar əsrlərdir ki, qırmızı ət yeyirlər və onların mədə-bağırsaq traktları artıq onun həzminə uyğunlaşdırılıb. Bu xalqın uzunömürlü olmasının başqa bir sirri də dağ sularından istifadə etməsidir. Təmiz dağ havası, rahat həyat tərzi və fiziki fəaliyyət də insan ömrünü uzadan amillər sırasında gəlir" , - diyetoloq yekunda bildirib.