Ölkədə meyvə-tərəvəzin qiyməti görünməmiş həddədir: alma, armuddan tutmuş, xiyar-pomidora qədər. Bazara üz tutan hər kəs oradan narazı çıxır, çünki qiymətlər çox yüksəkdir. Xüsusilə də yaz olmasına rəğmən xiyar-pomidorun qiymətinin düşməməsi insanları ciddi şəkildə narazı salır.
Bir sıra ekspertlər qiymətlərin yüksək olmasında mövsümi amillərlə yanaşı, inhisarçılığın da mühüm rol oynadığını bildirirlər. Onların dediyinə görə, inhisarçılıq həm meyvə-tərəvəzin idxalında, həm istehsalında, həm də ixracında mövcuddur. Hansı ki, bu 3 tərəfin heç biri ölkədə qiymətlərin aşağı düşməsində maraqlı deyil. Bahalaşmaya səbəb olan digər amil kimi ölkədən meyvə-tərəvəz ixracının sürətlə artması göstərilir. Belə ki, onların fikrincə, daxili istehsalın artım sürəti xaricə ixracın artım sürətindən zəifdir. Buna görə də istehsal olunan məhsulun çoxu ixrac edilir, bu isə daxildə qiymətlərin bahalaşmasına səbəb olur.
Rəsmi statistika da Azərbaycandan meyvə-tərəvəz ixracının sürətlə artdığını göstərir. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, 2018-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 241,7 milyon dollar və ya 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz artıb. Qeyd olunan dövrdə meyvə-tərəvəz ixracı 58,4 milyon dollar təşkil edib. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,9 faiz artım deməkdir.
Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun dediyinə görə, Azərbaycanda bazar iqtisadiyyatı olduğundan, qiymətləri bazar tənzimləyir: “Bizdə qiymətlər sərbəstdir, hər şeyin qiymətini bazar tənzimləyir. Kənd təsərrüfatı məhsulları ilə bağlı həmişə ilin bu vaxtlarında müəyyən bahalıq müşahidə olunur. Bu, mövsümi xarakter daşıyır - köhnə ildə istehsal olunan məhsullar azalır, yenilər isə hələ bazara çıxmayıb, yaxud yeni-yeni çıxmağa başlayır. Üstəlik, bizim ixracımız var, eyni zamanda xaricdən idxalımız var”.
Nazirlik rəsmisinin sözlərinə görə, kartof-soğan kimi məhsulların qiymətində hansısa ciddi artım qeydə alınmayıb:“Ötən il Azərbaycanda 913 min ton kartof istehsal olunub. Biz hər hektardan 150 sentnerlik məhsuldarlığa nail olmuşuq. Hazırda faraş kartof bazara çıxmaqdadır. Son illərdə faraş kartof yetişdirilməsinə maraq çoxalıb, insanlar bu sahədən yaxşı qazanc əldə edirlər deyə maraq da artıb. Yəni kartofdur, soğandır - bunların qiymətində artım yoxdur. Ötən təsərrüfat ilində yetişdirilib soyuducularda saxlanan meyvələr çıxarılır bazara. Mən dünən Quba-Xaçmaz tərəfdəydim, qiymətlərdə bir bahalaşma görmədim, düzü. Qiymətlər məhsulun görünüşündən, növündən asılı olaraq dəyişir, bazar tərəfindən tənzimlənir. Xiyar-pomidora gəlincə, onların da istehsalı artıb, amma ixrac da var axı. Pomidor ən çox ixrac olunan məhsullardan biridir bu gün. Hökumətin, Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas vəzifələrdən biri budur ki, istehsal olunan məhsul ixrac olunaraq ölkəyə valyuta axınını təmin edilsin. Bu baxımdan, ixracın artması, coğrafiyasının genişlənməsi istehsalçılar üçün yaxşı stimuldur. Lakin mən deməzdim ki, ixrac artdığına görə qiymət artıb. Bu gün ixrac olunan əsasən böyük və müasir üsullarla qurulmuş təsərrüfatlarda istehsal edilən məhsullardır - yoxlamalardan keçmiş, sertifikatlaşmış formada. Xırda təsərrüfatlarda, həyətyanı sahələrdə becərilən məhsullar isə daxili bazarda satılır. Bunlar orqanik və yüksək keyfiyyətli məhsullardır”.
İ.Cümşüdov onu da bildirdi ki, hazırkı qiymətlər əslində kənd təsərrüfatı istehsalçılarını qane etmir: “İstehsalçıların xərcləri xeyli artıb - baxmayaraq ki, dövlət hər tərəfdən dəstək verir, istehsalçılar deyirlər ki, xərcləri artdığına görə qiymətlər onları tam qane etmir”.
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev də bildirir ki, qiymətlərin bahalaşması bir sıra amillərlə bağlıdır: “Birincisi, mövsümi amildir. Hər il bu vaxtlar bazarda məhsul azalır deyə qiymətlər qalxır. İkinci amil bu qış havanın tutqun keçməsidir. Qaranlıq havalar çox oldu, biz heç belə gözləmirdik. İqlim şəraiti kəskin şəkildə əlverişsiz olduğuna görə martın əvvəlinədək olan dövrdə - yanvar-fevral aylarında istehsal həcmləri yarıbayarı aşağı düşdü. Üçüncü amil isə əlbəttə, ixracın artmasıdır. İxrac hər il azı 30-35 faiz artır. Bilirsiniz, qış aylarında xiyar-pomidoru az alıb az yemək olar - mövsümü deyil. Yəni bu gün ixracın artması, istehsalçıların daha çox qazanc əldə etməsi deməkdir. Daha çox qazanc isə növbəti illərdə istehsalı artırmaq üçün sərmayə yatırılması imkanının yaranması deməkdir. Bu gün istixana təsərrüfatçılığına maraq həddindən çox artıb, imkanı olan hər kəs bu sahəyə yatırım edir. Ona görə ki, məhsulu ixrac edib gəlir götürmək mümkündür. Hələ ki, ixracın artım sürəti istehsalın artım sürətindən yüksəkdir. Bazar da elədir ki, təklif tələbdən az olan kimi qiymətlər artır”.
B.Quliyevin sözlərinə görə, meyvə-tərəvəzin ixrac ölkəsi olaraq Rusiya ən böyük və ən cəlbedici bazardır: “Avropa ölkələri sanksiyalar üzündən bu bazardan məhrum olub. Onların boşalan yerini biz tuturuq. Bu günlərdə mənim İtaliyadakı həmkarım gəlmişdi. Söhbət əsnasında mən gördüm ki, onlar Rusiya bazarını itirməklərinə görə necə təəssüflənirlər. Onlar bilirlər ki, bir daha Rusiya bazarlarındakı yerlərini bərpa edə bilməyəcəklər. Son beş ildə biz Rusiya bazarında möhkəmlənmişik, öz payımızı artırmışıq, hələ nə qədər də artıra bilərik”. (“Yeni Müsavat”)