 
	
Meyvə və tərəvəzlər insan bədəni üçün vacib olan çoxsaylı antioksidantların əsas mənbəyidir. Foodinfo.az “Veçernyaya Moskva” nəşrinə istinadla xəbər verir ki, diyetoloq Olqa Redina bu barədə danışarkən, həmin məhsulların tərkibində beta-karotin, E və C vitaminləri kimi güclü qoruyucu maddələrin olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, bu antioksidantlar orqanizmdə sərbəst radikallarla mübarizə aparır. Sərbəst radikallar hüceyrələri zədələyən, dəridə qırışların yaranmasına və vaxtından əvvəl qocalmaya səbəb olan maddələrdir.
Redina qeyd edib ki, meyvə və tərəvəzlərin müntəzəm qəbulu həm də immun sistemini gücləndirir, qan dövranını yaxşılaşdırır və orqanizmin hüceyrə səviyyəsində yenilənməsini sürətləndirir.
Onun fikrincə, qırmızı və narıncı rəngli məhsullar — pomidor, qırmızı bibər, kök, portağal və qırmızı almalar — xüsusilə faydalıdır. Bu məhsullar tərkibindəki beta-karotin sayəsində dərinin elastikliyini artırır və günəşin zərərli təsirlərinə qarşı qoruyucu təsir göstərir.
Diyetoloq əlavə edib ki, yaşıl tərəvəzlər – brokkoli, ispanaq, kahı və kərəviz kimi qidalar da bədənin təmizlənməsi və metabolizmin düzgün işləməsi üçün vacibdir. Bu qidalar həm də orqanizmdə iltihab proseslərinin qarşısını alır.
Redina bildirib ki, gündəlik rasionda ən azı 400 qram təzə meyvə və tərəvəzə yer vermək lazımdır. Onları bişirmədən, yəni təbii halda qəbul etmək daha çox fayda verir, çünki istilik emalı zamanı vitaminlərin bir hissəsi məhv olur.
Mütəxəssis sağlam dərinin və gümrahlığın qorunması üçün hər gün müxtəlif rəngli tərəvəz və meyvələrin menyuda olmasını tövsiyə edib.










































