Energetik içkilər ötən əsrin 80-ci illərinin axırı-90-cı illərinin əvvəllərində dünya bazarına çıxıb. Bu içkilər son 30 ildə çox geniş yayılıb və demək olar ki, dünyanın yarısı ondan istifadə edir. Çox vaxt həmin içkilərin müsbət təsirləri barədə gənclər və yeniyetmələr arasında cəlbedici reklamlar, təbliğatlar və diskussiyalar aparılır. Mən bir həkim kimi birmənalı olaraq demək istəyirəm ki, bu içkilər olduqca zərərlidir.
Bu sözləri Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev deyib.
Onun dediyinə görə, energetik içki adlansa da, onların heç biri orqanizmə enerji vermir, əksinə, hüceyrələrə nüfuz edərək enerji itkisinə səbəb olur: “Reklamlar vasitəsilə yorğunluğu aradan qaldırdığı, əhval-ruhiyyəni yüksəltdiyi söylənilən energetik içkilərin tərkibində kofein, taurin və digər maddələr var. Bu içkilərin ən təhlükəli yanı isə aludəçilik yaratmasıdır. Bir gündə insan orqanizminin qəbul edə biləcəyi kofeinin miqdarı 400 milliqramdır. Bir banka energetik içkidə 150-200 milliqram kofein var. İki və daha çox banka energetik içki qəbulu normanı aşaraq zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibinə şəkər, saxaroza, qlükoza, dadlandırıcı və ətirli maddələr qatılır. Bu cür maddələrin həddən artıq qəbulu isə mədəaltı vəzdə problemlərə, qaraciyərin piylənməsinə, kökəlməyə, iştahasızlığa aparıb çıxarır. Müəyyən müddətdən sonra şəkərli diabet və insulinə rezistentlik yaranır. Üstəlik yuxu pozuntusu, əsəbilik və tez qıcıqlanma halları da meydana çıxır”.
Musa Quliyev deyib: “Tibb elmi bütün dünyada sübut edib ki, həmin içkilərin ziyanı həddindən çoxdur. Onun insan psixikasına və əsəb sisteminə çox ciddi mənfi təsiri var. Ali məktəbə qəbul olmağa hazırlaşan abituriyentlər bu içkiləri qəbul edir və ilk vaxtlar onun səmərəsini də görürlər. Bir müddət sonra isə bu insanlarda aqressiya hissi yaranır. Normal adam gündə həmin içkinin bir bankasını içdikdə, onun mənfi təsirini hiss etməyə bilər. Lakin bu davamlı olduqda orqanizm ona tələbatı artır. Energetik içkinin təsirindən güclü damar tutması ola bilər ki, bu da infarkt və hətta ölümlə nəticələnər. Ona görə də qadağa və inzibati tədbirlərlə yanaşı maarifləndirmə təbliğatı da aparılmalıdır”.
Dünyanın heç bir ölkəsində energetik içkilərin satışına ciddi qadağaların olmadığını qeyd edən sədr müavini bildirib: “Əlbəttə, bu içkilərin zəhər olduğunu söyləmək olmaz. Amma onun orqanizm üçün xeyirli olduğunu da demək düzgün deyil. Ümumi statistik nəticələrə əsasən bu içkilərin zərəri sübut olunub. Onlar xüsusilə ürək-damar, mədə-bağırsaq, şəkərli diabet, nevroz xəstələrinə birmənalı olaraq zərərli təsir göstərir. Ancaq onun zərərli təsirini hiss edənədək içmək də düzgün deyil”.