Bakıda “Nəsimi” bazarı və ətrafındakı bir və ikimərtəbəli evlər söküləcək.
Bunu bazarın ərazisində tikinti işləri aparacaq şirkətin hüquqşünası Mahir Qarayev bildirib.
Onun sözlərinə görə, bazarın ərazisi “Pilot layihə”yə salınıb:
“Sözügedən ərazi və ətrafındakı birmərtəbəli və ikimərtəbəli binalar söküləcək. Kvartalda dörd bina olacaq. Bazarın rəhbərliyi ilə ilkin danışıqlar aparılıb. Hazırda son danışıqlar gedir.
“Nəsimi” bazarının söküntüsünə şifahi razılıq verilib. Yaxın günlərdə rəsmi şəkildə təsdiqlənəcək. Bazarın söküntü işlərinə isə gələn ilin əvvəllərindən başlanacaq”.
Mahir Qarayev qeyd edib ki, bazar müasir standartlara cavab vermir:
“Bazarın yerində 18 mərtəbəli yaşayış binası tikiləcək. Yaşayış binasının ilk üç mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərəcək. Birinci mərtəbədə bazar, ikinci mərtəbədə alış-veriş, üçüncü mərtəbədə isə əyləncə mərkəzi olacaq. Bazarda çalışan satıcılar üçün yerlər təklif ediləcək”.
Qeyd edək ki, “Nəsimi” bazarında hazırda 80-ə yaxın satıcı çalışır. (Oxu.az)