Dietoloq-həkim Tutu Zeynalova TNS-ə bildirib ki, Ramazan ayından sonra - xüsusilə bayram günlərində diqqətli olmalıyıq: “Oruc tutmaq orqanizmin yenilənməsi üçün çox faydalıdır. İnsanın daha gənc qalmasına, xəstəliklərə tutulma riskinin azalmasına kömək edir.
Bir aydır, oruc tuturuq. Birdən-birə çox qida qəbul etsək, həzm sistemimizlə bağlı problemlər yaşaya bilərik. Buna görə tövsiyə edirəm ki, bayram günlərində iki dəfə qidalanmağa davam edək. Tətil olacağı üçün səhər yeməyini bir az gec, axşam isə 18:00-19:00 aralığında yesək, yaxşı olar. Ramazanda iftardan sonra yeməyə davam edirdik. Yaxşı olar ki, bayramdan sonra gecə yemək rejimindən çıxaq. Bayramdan sonra sağlam qidalanmaq və çəkimizi qaydasında saxlamaq istəyiriksə, gündə ən çox 3 dəfə qidalanmalı, arada 4-5 saat fasilə verməliyik.
Qidalandıqdan sonra hərəkət etmək mütləqdir. Hər gün təmiz havada yarım saat piyada gəzmək faydalıdır. Çəkimizin 3 faizi mislində su içilməlidir. Şirin və qazlı sulardan uzaq duraq. Çay və kofedən çox istifadə etməyək ki, bədəndən mayenin xaric olmasına şərait yaranmasın. Bol tərəvəz istifadəsini də unutmaq olmaz.
Ramazanda istər-istəməz imsaqda qidalanmaq üçün gecə yarısından oyaq olurduq ki, bu da yuxu rejimini pozur. Yuxumuza diqqət edək və vaxtında yataq. Axşam saat 23:00, 23:30-da yatmaq yuxu rejimini tənzimləyə yardımçı olar”.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə TNS-ə deyib ki, Ramazandan əvvəlki qidalanma tərzinə qayıtmaq üçün bəzi qaydalara əməl olunmalıdır: “Əsas məsələlərdən biri Ramazandan sonra 3-4 gün, hətta bir həftə ərzində axşam yeməyini yarım saat fərqlə əvvələ çəkərək yeməkdir.
3-4 gündən sonra yuxudan ən az bir saat əvvələ qədər axşam yeməyini bitirmək lazımdır. Tez həzm olunan qidalar qəbul etmək, axşam yeməyində tərəvəzli yeməklərə üstünlük vermək vacibdir. Bu cür qidalar bağırsaqların hərəkətliliyini təmin edir və bir çox halda Ramazan ayında yaranan qəbizlik problemini ortadan qaldırır. Axşam yeməyindən sonra açıq havada gəzmək çox faydalıdır. Ramazandan sonra xüsusilə maye qəbuluna diqqət etmək lazımdır. Birdən-birə yağlı, turş və duzlu qidaların qəbuluna başlamaq olmaz. Bu, orqanizmdə maye-duz balansını pozur ki, nəticədə oynaqlarda problemə və yüksək təzyiqə səbəb ola bilər”.
Mütəxəssis bildirib ki, Ramazandan sonra səhər yeməyi mütləq qəbul olunmalıdır: “Səhər yeməyindən imtina sağlamlıq üçün arzuolunan deyil.
Səhər yeməyini birdən-birə normal vaxtında deyil, dəqiqələrlə azaldaraq əvvəlki vəziyyətinə tədricən gətirmək lazımdır.
Bağırsaq və həzm sistemində problemlərin olmaması üçün mümkün qədər az qızardılmış, daha çox yüngül bişən qidalardan qəbul etmək lazımdır. Gün ərzində mövsümi meyvə-tərəvəzin qəbulu ilə yanaşı, quru meyvələrdən də istifadə etmək lazımdır ki, itirilən mineral və vitaminlər bərpa olunsun. Orucluqdan sonra sağlamlıqla bağlı problem ortaya çıxarsa, bunu, ilk növbədə, qidaların intervalına diqqət etmək, yuxu rejiminə qaydaya salmaqla aradan qaldırmaq olar”