Zambiyanın cənubundakı müxtəlif bölgələrdə yerli istehsal pivə içən azı 10 nəfər ölüb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Yerli polis sözçünün müavini Denni Mvalenin sözlərinə görə, hadisələr ölənlərin pivə içməsindən sonra müxtəlif günlərdə baş verib. İçki metil spirti, su, şəkər və ayaqqabı boyası qarışdırılaraq hazırlanıb.
İlk insident bazar günü Zimba dairəsində baş verib. Burada iki nəfər ölüb, daha beş nəfər yerli xəstəxanaya yerləşdirilib. 3 nəfər Pemba rayonunda, 5 nəfər isə Namvala rayonunda analoji şəraitdə ölüb. Qalan pivə içənlər isə xəstəxanaya yerləşdirilib.
Polis sözçüsü bildirib ki, zərərçəkənlər şiddətli ishal, qarın ağrısı və görmə problemlərindən şikayət ediblər. Artıq məlum olan zəhərlənmələrlə yanaşı, köpüklü içkidən zərərçəkənlər də var. İstintaq davam edir.