Mütəxəssislər deyir ki, bir neçə dəfə istifadə edilmiş yağda bişirilən bütün yeməklər sağlamlıq üçün çox təhlükəlidir
Fridrix Şiller adına Yen Universitetinin alimləri pis qidalanma səbəbi ilə yüksək ölüm göstəriciləri olan ölkələrin siyahısını tərtib edib. Keçmiş SSRİ ölkələri bu siyahda ilk onluqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sifarişi ilə keçirilmiş sorğuda Avropa regionu üzrə 51 ölkənin 1990-cı ildən 2016-cı ilədək olan məlumatları təhlil olunub. Siyahıda ilk yerdə Özbəkistandır, burada pis qidalanma səbəbi ilə hər 100 min nəfərə 394 ölüm hadisəsi düşür. Ölkədə hər il 65 min insan ürək-damar və qeyri-sağlam qidalanma nəticəsində yaranan xəstəliklər səbəbi ilə ölür. Qeyri-sağlam qidalanma səbəbi ilə ölüm hallarının ən yüksək olduğu ölkələrin ilk onluğunda keçmiş SSRİ ölkələridir.
Özbəkistan – hər 100 minə 394 ölüm halı
Türkmənistan – 376
Qırğızıstan – 350
Ukrayna – 349
Moldova – 328
Azərbaycan – 319
Belarus – 313
Tacikistan – 310
Qazaxıstan – 306
Rusiya – 291
Alimlər bu ölkələrin sakinlərinin qidada yüksək miqdarda duz istifadə etməsi və tərəvəz, qoz-fındıq və tam buğdalı taxıldan az yararlanma səbəbindən xəstəliklərə məruz qaldığını iddia edirlər. Qərbi Avropa ölkələrində vəziyyət Asiya və Şərqi Avropa ölkələrində olduğundan daha yaxşıdır. Almaniya bu bölgədə, 2016-cı ildə 100 mindən çox insanın pis qida rasionu səbəbi ilə öldüyü yeganə ölkədir. Alimlərin gəldiyi nəticələrə görə, İspaniya, İsrail və Fransa sakinləri ən sağlam qidalananlardır. Bu ölkələrdə qeyri-sağlam qidalanma səbəbi ilə hər 100 mindən 43-46 nəfər ölüb. Alimlər iddia edirlər ki, balanslaşdırılmış pəhrizlə hər beşinci erkən ölüm halının qarşısını almaq olar. Onların məlumatına görə, 2016-cı ildə regionda 2 milyondan çox insan yüksək miqdarda duzun olması və tərəvəzlərin kifayət qədər istifadə edilməməyi səbəbi ilə ölüb. Mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrəndik.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Afət Həsənova bildirdi ki, zaman azlığından gündəlik həyatımızda praktik istehlak etdiyimiz və qidalanma tərzinə çevirdiyimiz "fast food” məhsulları getdikcə özünə daha çox istehlakçı toplayır: "Ləzzətli və bir o qədər də kalorili olan bu qidaların faydalılığı müzakirə mövzusudur. "Fast food” qısa zaman ərzində hazırlanıb servis edilən, ayaqüstü yeyilə bilən qidalardır. Tez bir zamanda hazırlanan qidalar istehlak olunduğu təqdirdə, bir günlük kalori ehtiyacını bir dəfəyə ödəyə bilir. "Fast food” adlandırdığımız qidalara hamburger, pizza, qazlı içkilər, dönər, lahmacun, soyuq sendviçlər, qızardılmış kartof çipsləri, qızardılmış toyuq, simit aiddir. Siyahıda olan "fast food”ların sayını artırmaq da mümkündür”.
Afət Həsənovanın sözlərinə görə, "fast food”un qida dəyəri göstəricilərinin aşağı olması sağlamlığı təhdid edir: "Yuxarıda sadalanan məqamları nəzərə alaraq, vitaminlər və minerallar baxımından qida dəyəri aşağı olan "fast food” məhsulları immun sistemini zəiflədir. Həmçinin, müxtəlif ictimai iaşə obyektlərində (kafe və restoranlarda) dərin yağda 10-12 saat boyunca kartofların qızardılması səbəbindən, yağın tərkibi dəyişir və turşuluğu artır. Belə yağların istifadəsi piylənməyə səbəb olur. Bundan başqa, belə qidaların tərkibində yüksək miqdarda sodium və duz var. Bir çox hazır qidalarda, çipslərdə, hamburgerlerin tərkibində istifadə edilən qida əlavəsi Monosodyum Glutamat-dır (MSG E621). Bu qida əlavəsi ləzzətartırıcıdır və hər növ yeməyin dadını yaxşılaşdıra bildiyinə görə, daha çox tətbiq olunur. Bu qidaların daimi olaraq istehlakı piylənmə və baş ağrılarının yaranmasına səbəb ola bilir”.
Mütəxəssis içkilərdən də danışdı: "Mədənin su ehtiyacını qazlı, şirəli və ya kofeinli içkilərlə tamamlamaq tövsiyə olunmur. Qazlı və şirəli içkilərin tərkibində yüksək miqdarda şəkər olduğu üçün onun davamlı istifadəsi diş çürüməsinə, piylənmənin yaranmasına gətirib çıxarır. Xüsusilə, böyümə dövründə olan uşaqlar üçün bədənin sağlam inkişafına mane olur.
Sinir sistemində xəbərdarlıq funksiyalarına təsir göstərən kofein insanın uzun müddət oyaq qalmasına səbəb olur. Bu içkilərin intensiv istifadəsi stress hormonunun artmasına, yuxusuzluq problemlərinin yaranmasına gətirib çıxarır”.
Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulovda "Fast food" məhsullarının orqanizm üçün zərərli olduğunu bildirdi: "Fast food” yeməkləri konkret olaraq zəhərdir, hətta genetik silahdır. Elə ailələr var ki, uşaqlarının şıltaqlığının ardınca gedərək, belə məhsulların satıldığı yerlərdə oturub yemək yeməyi istirahət sayırlar. Bütün məhsullar Gigiyena və Epidemiologiya Mərkəzindən sertifikat almalıdır. Elə məkanlarda satılan yeməklərin heç biri qida məhsulu kimi rəy ala bilməyib. Hətta onların bir çoxunun tərkibində zərərli maddələr aşkarlanıb. Yalnız toyuq qanadı, toyuq budu, toyuq döşü və s. təklif edilir. Onların hamısı da broyler toyuqlarının dərmanlar toplanmış hissələridir”.
"Fast food”un əsas təhlükəsi bu qidaların hazırlanması üçün işlədilən yağın uzun müddət istifadə olunmasıdır” deyən tibb üzrə ekspert Adil Qeybulla bildirdi ki, istənilən qidanı bir neçə dəfə istifadə edilmiş yağda bişirdikdə, sağlamlıq üçün təhlükəli olur: "Yağların müəyyən intervaldan çox qızdırılması zərərli maddələr əmələ gətirir. Yağın bir dəfədən çox istifadə edilməsi məsləhət deyil. Bu qidaların yarımfabrikat halına, tam istehlak vəziyyətinə gətirilməsi zamanı xeyli məhsullar əlavə olunur. Həmin tərkiblər də ziyanlıdır. Ona görə, "fast food”ları ehtiyac olmadıqda istifadə etmək, davamlı olaraq onlarla qidalanmaq məsləhət deyil. Təəssüf ki, gənclər bunu tam anlamır, bu gün ölkəmizin də adının o siyahıda olması həddindən artıq "fast food” qəbulunun göstəricidir. Hazırda onkoloji xəstəliklərin artmasının bir səbəbi də "fast food”lardan istifadə nəticəsində qida təhlükəsizliyi prinsiplərinin pozulması ilə bağlıdır”.
kaspi.az
Günel Azadə