Qoz ləpəsi beyin və ürək sağlamlığı üçün ən qiymətli təbii qidalardan biridir. Foodinfo.az xəbər verir ki, rusiyalı dietoloq və terapevt Galina Volkova “RİA Novosti”yə açıqlamasında bu məhsulun həm faydalı, həm də düzgün qəbul edilmədikdə çətinlik yarada bilən xüsusiyyətlərindən danışıb.

Mütəxəssisin sözlərinə görə, qoz ləpəsi orqanizmi zülal, sağlam yağlar, omeqa-3 turşuları və antioksidantlarla təmin edir. Bu tərkib beyinin fəaliyyəti, yaddaşın güclənməsi və damar sağlamlığının qorunması üçün son dərəcə vacibdir. Volkova bildirib ki, gündə cəmi 3–5 ədəd qoz yemək immuniteti gücləndirir, xolesterini tənzimləyir və uzunmüddətli enerji verir.

Dietoloq qeyd edib ki, bu məhsulu miqdarında qəbul etmək əsas şərtdir, çünki qoz yüksək kalorili olsa da, az miqdarda yeyildikdə arıqlama prosesinə belə kömək edə bilər. Onun sözlərinə görə, səhər yeməyinə və ya salatlara bir neçə qoz əlavə etmək gün ərzində toxluq hissini artırır və orqanizmin vitamin balansını dəstəkləyir.

Volkova vurğulayıb ki, qozun tərkibindəki maqnezium və E vitamini sinir sistemini sakitləşdirir, yuxunun keyfiyyətini yüksəldir və stressi azaldır. “Qoz təbiətin bizə bəxş etdiyi ən güclü enerji mənbələrindən biridir. Onu düzgün miqdarda qəbul edən insanlar həm fiziki, həm də zehni cəhətdən özlərini daha gümrah hiss edirlər”, – deyə o bildirib.

Mütəxəssis qozun uşaqlarda beyin inkişafına, böyüklərdə isə ürək-damar sisteminin möhkəmlənməsinə müsbət təsir etdiyini də əlavə edib. O, bu qidanı rasiona daxil etməyi, lakin miqdara diqqət etməyi tövsiyə edib.