Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məktəblilər arasında sağlam və təhlükəsiz qidalanmanın təşviqi çərçivəsində keçirdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi davam edir.
AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, artıq məktəblilər müxtəlif rəsm əsərləri ilə layihəyə böyük maraq göstərirlər.
Həm paytaxt məktəbliləri, həm də respublikanın digər regionlarından, eyni zamanda ən ucqar kənd məktəblərindən belə rəsm əsərləri təqdim olunub. Müsabiqə çərçivəsində, ümumilikdə məktəblilər tərəfindən 1000-dən artıq əl işi AQTA-ya təhvil verilib. Daxil olan rəsm əsərlərində məktəblilərin sağlam qidalanma, enerji içkilərinin zərərləri, süd və süd məhsullarının faydaları, qida zəhərlənmələri kimi mövzulara daha çox diqqət ayırdıqları görülür.
Məlumat üçün bildirək ki, müsabiqədə iştirak etmək istəyən məktəblilər may ayının 25-dək rəsm əsərlərini agentliyə və onun regional bölmələrinə təqdim edə bilərlər. Rəsmlər A4 və A3 formatında olmaqla sağ alt hissədə rəsmi çəkən məktəblinin adı, soyadı, sinif və məktəb haqqında məlumatları yer almaqla qəbul edilir. Müsabiqənin qalibləri “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təşkil olunacaq sərgidə elan ediləcək, agentlik qalib və iştirakçılara müxtəlif qiymətli hədiyyələr, sertifikat və həvəsləndirici mükafatalar verəcək.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək və sağlam qidalanma ilə bağlı düşüncələrini rəsm əsəri vasitəsi ilə ifadə etmələrini təmin etməkdir. Eyni zamanda, layihə məktəblilərin təhlükəsiz qida ilə bağlı dünyagörüşlərini, istək və arzularını öyrənmək üçün geniş imkanlar yaratmaqdadır.