Sağlam qidalanma orqanizmin ümumi vəziyyətinə birbaşa təsir göstərir və bəzi məhsullar bu təsiri daha da gücləndirə bilir. Mütəxəssislər bildirir ki, gündəlik rasiona sadə, lakin təsirli üç məhsul əlavə etməklə damar sağlamlığını qorumaq və təzyiqi tənzimləmək mümkündür. Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, soğan, sarımsaq və limon bu baxımdan xüsusilə seçilir.

Bu məhsullar adətən yeməklərə dad vermək üçün istifadə olunsa da, onların sağlamlıq üçün faydaları daha genişdir. Tərkibində B və C vitaminləri, həmçinin sink, selen, fosfor və digər vacib minerallar olan bu “təbii üçlük” immuniteti gücləndirir və ürək-damar sisteminə müsbət təsir göstərir. Həkimlər qeyd edir ki, bu məhsullar xüsusilə yüksək təzyiqdən və böyrək problemlərindən əziyyət çəkən insanlar üçün faydalıdır.

Bundan əlavə, soğan, sarımsaq və limon bəzi hallarda yeməklərdə duzu əvəz edə bilər ki, bu da duz qəbulunun azalmasına və nəticədə təzyiqin stabilləşməsinə kömək edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, xroniki xəstəlikləri olan şəxslər rasionda dəyişiklik etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Eyni zamanda, sarımsaq və ya soğan suyunun buruna damızdırılması kimi üsullar məsləhət görülmür, çünki bu, selikli qişaya zərər verə bilər.