Çox şirniyyat yeyən uşaqlarda bir çox xəstəliklərin yaranması riski böyükdür. Bunlar diabet, yüksək təzyiq, dislipidemiya (qanda yağ maddələrinin nisbətinin pozulması), qaraciyər yağlanması, piylənmə, diş çürükləri və psixoloji problemlərdir.
Beynəlxalq səhiyyə təşkilatları bildirir ki, şirniyyatdakı kalorinin qida dəyəri yoxdur. Yəni uşaqlar bunları yeyərkən qidalanmış yox, sadəcə kalori almış olurlar. Hazırda şirin qidalar o qədər yayılıb ki, uşaqlar demək olar ki, hər an bunlarla rastlaşır. Məktəb bufetlərində, marketlərdə, evlərdə şirin məhsullardan qaçmaq çox çətindir. Uşaqlar balaca vaxtlarından bütün özəl günlərin tort və ya hər hansı bir şirniyyatla qeyd edildiyini müşahidə edirlər. Və getdiksə beyin mərkəzi də şəkərə vərdiş edir ki, uşaq hər dəfə daha çox şirniyyat istifadə etməyə ehtiyac duyur.
Meyvə şirələri: sadəcə şirin su ilə yüklənmək
Valideynlər uşaqlarına meyvə şirələrini verməyi çox xoşlayır və hətta məktəbə gedərkən çantalarına belə qoyurlar. Onların çoxunu isə burdakı "meyvə" sözü daha çox cəlb edir. Həkimlər isə bildirir ki, əslində bu şirələr qana bir qədər şirin su əlavə etməkdən başqa bir şey deyil. Çünki bu şirələrdə şəkəri həzm etdirəcək liflər yoxdur. Ötən il ABŞ Pediatriya Akademiyası elan etdi ki, 1 yaşına kimi uşaqlara meyvə şirəsi vermək olmaz. 3 yaşına qədər olan uşaqlara isə hər gün çox az miqdarda meyvə suyu verilə bilər. Bunlar tamamilə təbii, heç bir başqa maddə qatılmayan yüz faiz meyvə şirələri olmalıdır.
Uşaqlar üçün xüsusi olaraq satılan yoqurt, biskvit, çox növlü şirniyyatlar, ketçap kimi məmulatlarda həddən artıq şirinlik olur. Uşaqların zövq alması üçün bəzədilərək satılan bu şirniyyatlar sağlamlıq üçün çox təhlükəlidir. Məsələn, siz uşağınız üçün az yağlı qatıq alarkən, mütləq üzərini oxuyun və görəcəksiniz ki, dadlı olması üçün bura şəkər əlavə edilib. Həkimlər qeyd edirlər ki, üzərində bir körpə, yeriməyə başlayan uşaq şəkili gördüyünüz hər məhsulu almağa tələsməyin. Çünki bu sağlam bir qida olmaya da bilər.
Bəs uşaqlar şəkəri sağlam formada necə qəbul edə bilər?
Həkimlərin bildirdiyinə görə, həftədə bir neçə dəfə bal, bəhməz və öz şirəsi ilə hazırladığınız mürəbbə sularından istifadə etmək olar. Bundan başqa, 3 yaşından yuxarı uşaqlara yeməyinin yanında şəkər əlavə edilməyən meyvə suları verilə bilər. Evdə düzəldilən dondurmalar, darçın və xurma ilə hazırlanan biskvitlər və ballı südlərin də istifadəsi məsləhət edilir.
Həkimlər deyir ki, düyü əvəzinə yarmadan plov hazırlamağa çalışın. Eyni zamanda nazik dilimlənən almanı bir saat sobada saxladıqdan sonra üzərinə darçın səpərək cipslər əldə etmək olar. Buxarda əritdiyiniz şokoladları isə bananın, naringinin, çiyələyin, armud və sair meyvələrin üzərinə tökərək görünüşü gözəl olan ləzzətli şirniyyatlar da hazırlamaq mümkündür.
Mənbə: E-tibb.az