Uşaqların sağlam qidalanması üçün sadəcə, yemək yemək kifayət deyil. Eyni zamanda bəzi prinsiplər mütləq gözlənilməlidir. Foodinfo.az e-tibb.az-a istinadən bildirir ki, bunu uşaq endokrinoloqu, uzman həkim Azad Əkbərzadə açıqlayıb. Mütəxəssis bildirib ki, bunun üçün qida çeşidliliyi artırılmalı, yemək ötürülməməli, vaxtı-vaxtında yeyilməlidir. Həkim vurğulayıb ki, uşaqların səhər yeməyinə xüsusilə diqqət yetirilməlidir. Keyfiyyətsiz səhər yeməyi yemək və ya ümumiyyətlə, səhər yeməyindən imtina edilərsə günə başlamaq üçün zəruri enerji təmin edilə bilməz. Bu da normal dərs yükü altında belə yorğunluq, halsızlıq, baş ağrılarına, qavrama, analiz və sintez qabiliyyətində azalmaya, məktəb müvəffəqiyyətində geriləməyə səbəb ola bilir. Onun sözlərinə görə, gündəlik 3 əsas yemək, 1-2 ara yemək (qəlyanaltı) təyin edilməlidir. "Junk food" (hərfi tərcüməsi "lazımsız yemək" olub dadlı, yüksək enerjili, lakin qida dəyəri olmayan rafinə edilmiş şəkər, süni yağlar, qida boyaları, müxtəlif qatqı maddələri və qoruyucu maddələrdən zəngin hazır market qidaları; peçenye, keks, şokolad, hazır meyvə suları, kola və qazlı içkilər və s. nəzərdə tutulur) ilə qidalanma minimuma endirilməli və ya ümumiyyətlə, qida rasionundan çıxarılmalıdır. Endokrinoloq, həmçinin uşaqların sağlamlığlı üçün aşağıdakıların zəruri olduğunu vurğulayıb: Günlük lazımi qədər süd və süd məhsulları qəbul etməkİçki olaraq daha çox su istifadə etmək Şəkər miqdarı az olan qidalar seçmək Yeməklərdə yodlaşdırılmış duz seçmək, duzdan ehtiyac olan qədər istifadə etmək Fiziki aktivliyi artırmaq