Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) zəfəran bitkisi üzrə ixtisaslaşmış sahibkarlarla görüş keçirilib. Görüşdə Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər haqqında sahibkarlara ətraflı məlumat verilib və keyfiyyətli məhsulun əldə olunması üçün torpağın tərkibinin, əkin materialının sağlamlığının, suvarmanın və s. amillərin vacib olduğu vurğulanıb.
Agentliyin başlıca vəzifələrindən birinin qida zəncirinin bütün mərhələlərində nəzarəti həyata keçirməklə əhalini sağlam və keyfiyyətli qida məhsulları ilə təmin etmək olduğu bildirilib.
Görüşdə sahibkarları narahat edən məsələlər və onların həlli yolları müzakirə olunub. İstehsalçılar zəfəranın becərilməsi üçün münbit və zərərli orqanizmlərdən azad torpaqların seçilməsində AQTA-nın köməklik göstərəcəyinə inandıqlarını bildirib.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.