Fransanın Bordo Universitetinin farmakologiya üzrə mütəxəssisi Pol Bernar bəzi antibiotiklərin süd məhsulları ilə birgə qəbul edildikdə təsirini itirdiyini açıqlayıb. Foodinfo.az bildirir ki, “Le Figaro” qəzetinə danışan alim qeyd edib ki, xüsusilə tetrasiklin qrupuna aid antibiotiklər süd, qatıq və pendirlə eyni vaxtda istifadə olunarsa, onların bağırsaqdan sorulması azalır.

Bernarın sözlərinə görə, süd tərkibindəki kalsium antibiotiklərlə birləşərək onların bağırsaq divarından keçməsini çətinləşdirir. Bu isə müalicənin effektivliyini azaldır və bədəndə lazım olan miqdarda aktiv maddə çatışmazlığına səbəb olur. Mütəxəssis qeyd edib ki, antibiotik qəbul edərkən süd məhsulları ilə azı 2 saatlıq fasilə qoymaq lazımdır. “Hətta səhv qidalanma səbəbilə yaranan antibiotik müqaviməti son illər daha geniş yayılıb,” – deyə Bernar vurğulayıb.

O əlavə edib ki, antibiotiklərlə paralel probiotik istifadəsi isə bağırsaq florasının qorunması üçün tövsiyə olunur. Alim həkim təyinatı olmadan antibiotik qəbulunun təhlükəli nəticələr doğura biləcəyini də xüsusi qeyd edib.