Son illərdə populyarlaşan aralıq oruc metodu hər kəs üçün uyğun deyil. Foodinfo.az bildirir ki, endokrinoloq-dietoloq Nataliya Sevastyanova bəzi xəstəlikləri olan şəxslərə bu pəhriz formasından uzaq durmağı tövsiyə edir.

Mütəxəssis izah edib ki, safra sistemi ilə bağlı problemlər, xüsusilə xolesistit və öd daşı xəstəliyi olan şəxslər üçün aralıq oruc təhlükəli nəticələrə səbəb ola bilər.

“Belə insanlar arıqlamaq istəyirsə, ilk növbədə qarın boşluğu orqanlarının ultrasəs müayinəsindən keçməlidirlər. Öd kisəsində struktur pozuntuları varsa, bu, ödün axınını çətinləşdirə və daşların yaranmasına gətirib çıxara bilər”, – deyə Sevastyanova bildirib.

Həkim əlavə edib ki, bədəndə bu cür ilkin problemlər mövcuddursa, aralıq oruc vəziyyəti daha da ağırlaşdıra bilər. Belə hallarda standart kalori azaldılmış pəhriz daha uyğun ola bilər.

Sevastyanovanın fikrincə, biokimyəvi baxımdan aralıq oruc və kalori çatışmazlığı bənzər nəticələr verir. Lakin uzunmüddətli kalori çatışmazlığını saxlamaq çətin olduğundan, heç bir əks göstərişi olmayan şəxslər üçün aralıq oruc daha rahat və təhlükəsiz alternativ ola bilər.