Tərkibində probiotiklar olan yoqurtlar və müxtəlif tərəvəzlər insanın psixi sağlamlığına təsir edə və depressiyanı azalda bilər. Bu məhsullar stressə qarşı müqaviməti əhəmiyyətli dərəcədə artırır və ümumilikdə beyin funksiyasını yaxşılaşdırır.

Foodinfo.az xəbər verir ki, bu barədə alman damar cərrahı Bernd Ştekmayer alimlərin tədqiqatlarına istinadən danışıb.

Belə ki, irlandiyalı alim Con Krayan laktik turşu bakteriyaları və ya bitki qarışıqları ilə qidalanan siçanlar üzərində araşdırma aparıb. Nəticədə məlum olub ki, onlar stressə daha yaxşı reaksiya verməyə və narahatlığın öhdəsindən daha yaxşı gəlməyə başlayıblar.

Görünür, mədə və psixika bir-birindən ayrılmazdır. Emosiyalar həzmə təsir edir. Stress zamanı mədə ağrısı nadir hal deyil. 

Eyni zamanda, qastroenteroloq Emeran Mayer yoqurtun depressiyaya və aktiv beyin fəaliyyətinə təsirini sübut edib. Onun sözlərinə görə, əgər siz gündəlik qida rasionunuzu dəyişsəniz, beynin emosional komponentə cavabdeh olan hissələrinə təsir edə bilərsiniz. 

Qeyd edək ki, təcrübə zamanı xüsusi qıcqırdılmış süd məhsullarından istifadə olunub, lakin adi supermarketdən alınan yoqurtların depressiyaya təsir göstərə biləcəyinə dair hələlik heç bir sübut yoxdur.